Türkiyəli politoloq ölkəsinin hava məkanının pozulmasından danışdı: “Ankara üçün qəbuledilməzdir”
Türkiyə İran istiqamətindən atılan ballistik raketi məhv edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İran ərazisindən atıldığı müəyyən edilən, İraq və Suriyanın hava məkanından keçdikdən sonra Türkiyəyə istiqamətlənən ballistik raket Aralıq dənizinin şərqində yerləşdirilən NATO-nun hava və raket hücumundan müdafiə bölmələri tərəfindən zərərsizləşdirilib.
Baş verənləri Oxu.Az-a şərh edən türkiyəli ekspert, beynəlxalq münasibətlər üzrə şərhçi İsmail Cingözbildirib ki, raketin necə həmin istiqamətə yönəldiyi barədə hələlik dəqiq məlumat yoxdur:

“Əgər raket qəsdən Türkiyə istiqamətinə yönəldilibsə, bu, bəzi dairələrin Türkiyəni münaqişəyə cəlb etmək cəhdi kimi qiymətləndirilə bilər. Əksinə, texniki nasazlıq və ya nəzarətdən çıxma nəticəsində yönəlibsə, bu halda məsələ fərqli müstəvidə araşdırılmalıdır. Hər bir halda Türkiyənin hava məkanının və ərazi bütövlüyünün pozulması Ankara üçün qəbuledilməzdir.
Türkiyə İsrail və ABŞ tərəfindən İranın hədəfə alınması məsələsində tərəfsizliyini qoruyacağını bəyan edib. Eyni zamanda, həm münaqişədən əvvəl, həm də prosesin gedişində intensiv diplomatik səylər göstərib. Rəsmi Ankara münaqişənin qarşısını almaq istiqamətində fəal təşəbbüslərlə çıxış edir. Bununla belə, danışıqların Türkiyədə keçirilməsi ehtimalı müzakirə olunsa da, İranın əsasən Omanı seçməsi diqqət çəkib. Türkiyə 1952-ci ildən NATO üzvüdür və hazırkı şəraitdə İranla sərhədi olan yeganə NATO ölkəsi kimi xüsusi mövqeyə malikdir. Bu səbəbdən Ankara baş verən prosesləri yaxından izləmək məcburiyyətindədir”.
“Məsələnin digər mühüm tərəfi İran əhalisinin əhəmiyyətli hissəsinin türklərdən ibarət olmasıdır. Təkcə Cənubi Azərbaycan bölgəsində 30-35 milyon civarında Azərbaycan türkü yaşayır. İranın digər bölgələrində də türk icmalarının mövcudluğu nəzərə alınarsa, ümumilikdə bu rəqəm 40-45 milyona çatır. Bu amil Türkiyənin və bütövlükdə türk dünyasının prosesə həssas yanaşmasını şərtləndirir. Mümkün eskalasiya halında mülki əhaliyə qarşı genişmiqyaslı hücumların baş verməsi və bunun nəticəsində İran ərazisindən Türkiyə və Azərbaycan istiqamətində miqrasiya dalğasının yaranması ehtimalı da nəzərə alınır. Ankara belə ssenarilərə qarşı hazırlıqlı olduğunu bəyan edib”, – deyə ekspert vurğulaylb.
Müsahibimiz Türkiyənin hərbi-texnoloji imkanlarını gücləndirdiyini əlavə edib:
“Polad Qübbə” konsepsiyası çərçivəsində hava hücumundan müdafiə sistemlərinin mərhələli şəkildə təkmilləşdirildiyi bildirilir. Yerli və milli müdafiə sənayesi məhsulları olan “Siper”, “Hisar”, “Korkut” və “Sungur” kimi sistemlər aşağı, orta və yüksək hündürlüklərdə hava məkanının qorunmasını təmin etməyə yönəlib. Bu sahədə xaricdən asılılığın azalması xüsusi vurğulanır.
Eyni zamanda qeyd olunur ki, Türkiyəni istər region daxilindən, istərsə də kənar aktorlar tərəfindən münaqişəyə cəlb etmək cəhdləri istisna deyil. Bununla belə, Ankara məsələni soyuqqanlılıqla izlədiyini və birbaşa hərbi müdaxilədən yayınmağa çalışdığını bildirir.
Zərurət yaranacağı təqdirdə isə Türkiyənin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etmək haqqı var. İranın birbaşa Türkiyəni hədəf alması isə NATO üzvü olan Ankaraya qarşı genişmiqyaslı qarşıdurma riski yarada bilər. Rəsmi mövqe ondan ibarətdir ki, Türkiyə münaqişənin genişlənməsinin əleyhinədir və prosesin diplomatik yollarla, itkilər olmadan başa çatdırılması üçün səylərini davam etdirir. Bununla yanaşı, ölkə quru və hava hücumundan müdafiə sistemləri ilə öz təhlükəsizliyini təmin etmək imkanına malik olduğunu da bəyan edib”.