Elçin Əmirbəyov Almaniyada işşgüzar səfərdə olub
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniya Federativ Respublikasına (AFR) işgüzar səfər edib.
xia.az xəbər verir ki, səfər çərçivəsində Elçin Əmirbəyov Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Avropa məsələləri üzrə dövlət naziri Günter Krixbaum, Prezidentin xarici siyasət üzrə müşaviri Volfqanq Dold, AFR kanslerinin xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müşavirinin müavini Aleksander Eberl, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mirze Edis və qrupun digər üzvləri və AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner ilə görüşlər keçirib.
Görüşlər əsnasında Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin indiki durumu və inkişaf perspektivləri müzakirə edilib, mövcud tərəfdaşlığın dərinləşdirilməsi və keyfiyyətcə yeni bir mərhələyə yüksəldilməsinə dair qarşılıqlı maraq ifadə edilib, bu məqsədlə iki ölkə arasında davamlı yüksəksəviyyəli təmasların vacibliyi vurğulanıb, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb. Tərəflər siyasi, iqtisadi, humanitar, enerji, kənd təsərrüfat, informasiya və kommunikasiya texnologiyaları, müdafiə və təhlükəsizlik, mədəniyyət və tədris sahələrində əməkdaşlığın perspektivlərini və başqa qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçiriblər.
Bundestaqda keçirilən görüşlərdə Azərbaycan və Almaniya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi, il ərzində nəzərdə tutulan təmasların əhəmiyyəti vurğulanıb.
E.Əmirbəyov görüşlər zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt və konkret addımlar, ölkəmizdə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, ərazilərin mina ilə çirkləndirilməsinin yaratdığı problemlər barədə qarşı tərəfi ətraflı şəkildə məlumatlandırıb. Almaniya tərəfi isə öz növbəsində normallaşma istiqamətində ciddi irəliləyişləri və hazırda davam etdirilən müsbət dinamikanı yüksək qiymətləndirib və sülh prosesinə tam dəstəyini ifadə edib.
Həmçinin görüşlərdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, regional nəqliyyat bağlantılarının formalaşdırılması və bu məsələdə Avropa İttifaqının mümkün rolu ətrafında fikir mübadiləsi aparılıb. Keçən ilin Aİ-Azərbaycan münasibətləri baxımından nəzərəçarpan tərəqqi ilə səciyyələndiyi, növbəti aylar ərzində bu dinamikanın qorunub-saxlanması və daha da inkişafının vacibliyi vurğulanıb.
Qarşı tərəfə ərazilərimizin minalarla çirkləndirilməsi və bununla bağlı yaranan problemlər haqqında məlumat verən E.Əmirbəyov beynəlxalq miqyasda humanitar minatəmizləmə sahəsində fəal iştirak edən Almaniyanı Azərbaycanda da bu sahəyə dəstək verməyə dəvət edib.
Səfər çərçivəsində Elçin Əmirbəyov, həmçinin Almaniya Beynəlxalq və Təhlükəsizlik məsələləri İnstitutunda (SWP) yerli beyin mərkəzləri nümayəndələri və təhlükəsizlik ekspertləri ilə dəyirmi masa keçirib, “Berliner Zeitung” qəzetinə müsahibə verib.









