Azərbaycan vətəndaşlarının Yaxın Şərqdən təxliyəsi üçün növbəti reys həyata keçirilib

IMG_9950

Prezident İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşlarımızın Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

“Belə ki, son bir neçə gün ərzində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyimizin və Dubay şəhərindəki Baş konsulluğumuzun müvafiq səyləri nəticəsində ölkəmizə geri qayıtmaq niyyətində olan vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib.

Daha sonra, vətəndaşlarımız diplomatik nümayəndəliklərimiz tərəfindən ayrılmış xüsusi avtobuslarla Omandakı Səfirliyimizin də əlaqələndirməsi ilə Oman hava limanına aparılıb və Azərbaycan Hava Yollarının xüsusi təyyarə reysi ilə Azərbaycana yola salınıb.

Qeyd edilən reyslə 195 nəfər Azərbaycan vətəndaşı, bir nəfər Türkiyə vətəndaşı və iki nəfər Azərbaycanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşları ölkəmizə geri qayıdır.

Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təhlükəsizliyi prioritet istiqamətlərdəndir”, – deyə məlumatda qeyd olunub.

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir.

xia.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb.

AZAL-ın Muskat-Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə həyata keçirilməsini təmin edir.