İranın Türkiyəyə raket atması NATO mexanizmini işə sala bilərmi?

IMG_9976

Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana zərbələr endirməsi Yaxın Şərqdə onsuz da gərgin olan geosiyasi vəziyyəti daha da kəskinləşdirdi, münaqişənin miqyasını genişləndirdi. Qarşıdurma qısa müddətdə təkcə bu üç ölkə ilə məhdudlaşmadı və regionun digər dövlətlərinə də sirayət etməyə başladı. İranın da Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirməsi ilə yanaşı, birbaşa müharibənin tərəfi olmayan ölkələrin də hədəfə alınması gərginliyin yeni mərhələyə keçdiyini göstərdi. Martın 4-də İranın Türkiyə istiqamətinə raket atması, növbəti gün isə Azərbaycanı, Naxçıvan Muxtar Respublikasının hədəf alması regionda narahatlığı daha da artırdı.

İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrdən baş verən insidentlərə görə üzr istədiyini bildirdi, lakin qısa müddət sonra Türkiyə istiqamətində daha bir ballistik raketin atılması vəziyyətin hələ də sabitləşmədiyini nümayiş etdirdi.

Belə ki, İrandan atılan ballistik raket Türkiyə hava məkanına daxil olub və NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Baş verənlər regionda təhlükəsizlik risklərinin artdığını göstərir. Xüsusən də NATO-nun 5-ci maddəsi kollektiv müdafiə prinsipi olub, üzvlərdən birinə silahlı hücumu hamısına edilmiş sayır. Bəs bu, region üçün hansı risklər doğura bilər və mümkün inkişaf ssenarilərini necə şərh etmək olar?

Mövzu ilə bağlı Oxu.Az-a danışan ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib ki, Türkiyə əsrlərdir İranla sülh şəraitində yaşayır:

İranın Türkiyəyə raket atması NATO mexanizmini işə sala bilərmi? - Beşinci bəndin TƏLƏBİ

“İran bizim dost və qonşu ölkəmizdir. Türkiyə uzun illərdir həm terrorla mübarizə çərçivəsində, həm İranın digər ölkələrdəki fəaliyyətləri ilə bağlı, həm də İranda fəaliyyət göstərən terror qruplaşmalarının ölkəmizə qarşı yönəlmiş hərəkətləri barədə bir sıra arqumentlərə malik olmasına baxmayaraq, hər zaman beynəlxalq hüquq, qonşuluq, dindaşlıq və dostluq prinsipləri baxımından yaxşı niyyətlə davranıb.

Lakin son bir həftə ərzində iki raketin müdafiə sistemləri tərəfindən vurulmasına baxdıqda və Türkiyənin hər səviyyədə etdiyi xəbərdarlıqlara baxmayaraq belə bir hadisənin baş verməsi təəssüf doğurur. Bununla belə, bu raketlərlə bağlı müxtəlif ehtimallar mövcuddur. Bu raketlərin birbaşa hədəfi Türkiyə olmaya bilər. Məsələn, Yunanıstanın Krit adasında yerləşən Britaniya və ABŞ hərbi bazaları və ya Kiprdəki İngiltərə bazaları hədəf alınmış ola bilər. Lakin hətta belə olsa da, bu davranış forması dostluq münasibətlərinə uyğun deyil. Bizim səbirli davranmağımız yanlış başa düşülməməlidir. Əgər Türkiyə ərazilərinə qarşı yenidən hər hansı fəaliyyət olarsa, Ankara buna adekvat cavab verəcək”, – deyə türkiyəli ekspert vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Türkiyə NATO üzvü olduğu üçün alyansın nizamnaməsinin 5-ci maddəsinə əsasən kollektiv müdafiə mexanizmi işə düşə bilər:

“Onsuz da iki raketin məhv edilməsi də NATO-nun müdafiə sistemləri vasitəsilə həyata keçirilib və bu, üzv ölkələrin müdafiəsi ilə bağlıdır”.

“Türkiyə İranla yüz illərdir olduğu kimi qonşuluq münasibətləri çərçivəsində yaşamaq istəyir. Lakin heç kim nə Türkiyənin, nə də Azərbaycanın səbrini sınamasın. Əks halda bunun nəticələri ilə barışmalı olacaqlar”, – deyə general fikrini yekunlaşdırıb.