“Formula-1” Yaxın Şərqdəki vəziyyətə görə iki ölkədə Qran-prini ləğv edəcək
Aprel ayında Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan “Formula-1” Qran-priləri ABŞ və İsrailin İrana qarşı apardığı müharibə ilə əlaqədar ləğv ediləcək.
Xia.Az xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı mənbələrə istinadən yazır.
Yarışların aprelin 10-12-də Bəhreyndə, aprelin 17-19-da Ciddədə keçirilməsi planlaşdırılırdı. Nəticədə mövsümdə yarışların sayı 22-yə enəcək. Nəşrlərin həmsöhbətlərinin sözlərinə görə, qərar barədə rəsmi açıqlama gələn həftəyədək veriləcək.
Qeyd olunur ki, yarışların ləğv edilməsindən “Formula-1” 130 milyon dollardan çox vəsait itirəcək. Çünki Bəhreyn və Səudiyyə Ərəbistanı yarışların keçirilməsi üçün ən yüksək ödəniş edən ölkələrdən sayılır.
Təşkilatçılar yarışları Portuqaliya, İtaliya və ya Türkiyəyə köçürmək imkanını nəzərdən keçirsələr də, çox az vaxt qaldığını və mərhələlərin keçirilməsi üçün ödəniş almağın demək olar ki, mümkün olmayacağını əsas gətirərək bu variantdan imtina ediblər.