BTQ siqh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib

RvMpHKE4FZ6NDVD7CKa2alOMlAlfbuLqvtQZJWPx_1200

Bakı Təşəbbüs Qrupu (BTQ) və Siqh Federasiyası Cenevrə Mətbuat Klubunda Hindistan hökuməti tərəfindən siqh icması və digər etnik qruplara qarşı həyata keçirilən transmilli təqibləri özündə əks etdirən “Indian Transnational Repression” adlı hesabatı təqdim edib.

Xia.Az xəbər verir ki, bu barədə BTQ-dən məlumat verilib.

Qeyd olunub ki, təqdimat mərasimində Cenevrə Mətbuat Klubunun baş direktoru, o cümlədən beynəlxalq hüquq üzrə mütəxəssislər, insan hüquqları müdafiəçiləri və dünyanın aparıcı media qurumlarından olan BBC və AFP, həmçinin digər media nümayəndələri iştirak edib.

58 səhifəlik hesabat faktlar əsasında Hindistan hökumətinin xarici ölkələrdə yaşayan siqh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi sistemli təzyiq mexanizmlərini təqdim edir. Hesabatda vurğulanır ki, Hindistan hakimiyyəti xaricdəki tənqidi səsləri susdurmaq üçün zorakılıq, izləmə, hədə-qorxu gəlmə, təhdid və digər siyasi təqib vasitələrindən istifadə edir.

Təqiblərə məruz qalmış siqh nümayəndələri şəxsi təcrübələrini bölüşərək Hindistan hökumətinin uzunmüddətli və məqsədli basqı siyasətini praktiki misallarla izah ediblər. Hazırkı Hindistan hökuməti üçün istənilən fərqli düşüncənin düşmənçilik kimi qəbul edildiyi və cəzalandırılmasına çalışıldığı xüsusi vurğulanıb. Hindistanın bu siyasi xətti qorxu və vahimə yaratmağa hesablanmış təzyiq modelidir.

Sənəddə yer alan ən sarsıdıcı nümunələrdən biri 2023-cü il iyunun 18-də Kanadada Hardip Sinqh Niccarın qətlə yetirilməsi ilə bağlıdır. Hesabatda bildirilir ki, Niccar bundan əvvəl Kanada təhlükəsizlik qurumları tərəfindən həyatına real təhlükə olduğu barədə xəbərdar edilmişdi. Qətldən sonra Kanadanın baş naziri Hindistan hökumətinin bu qətldə rolu olduğunu bəyan edib. Hesabatda, həmçinin Hindistan diplomatlarının Kanada və digər ölkələrdə siqh fəallarına qarşı zorakılıq, hədə-qorxu və qorxu atmosferi yaratmaq məqsədi daşıyan fəaliyyətlərinə geniş yer verilir.

Bundan əlavə, hesabatda göstərilir ki, 2023-cü ilin noyabrında ABŞ Ədliyyə Nazirliyi siqh fəalı Gurpatvant Sinqh Pannunun öldürülməsi planı ilə bağlı ittiham irəli sürüb. Bu plan Hindistanın təhlükəsizlik və kəşfiyyat strukturları ilə əlaqələndirilən şəxslər vasitəsilə hazırlanıb. Bu xüsusda sənəddə bu işdə adı keçən vasitəçi Nixil Guptanın muzdlu qətl və çirkli pulların yuyulması ilə bağlı ittihamlar üzrə özünü təqsirli bildiyi vurğulanır.

Hesabat Böyük Britaniyada da siqh fəallarına qarşı təzyiqlərin artdığını göstərir. Qeyd edilir ki, Londonda Hindistanın Ali Komissarlığı qarşısında keçirilən etirazlardan sonra Hindistanın Milli İstintaq Agentliyi ilə əlaqələndirilən addımlar intensivləşib. Böyük Britaniyada yaşayan onlarla siqh dissidentinin Hindistandakı evlərində reydlər keçirilib, onların yaxınları istintaqa cəlb olunub. Hesabatda bu addımların xaricdəki fəalları susdurmaq üçün ailələr üzərindən qurulan təzyiq mexanizminin tərkib hissəsi olduğu bildirilir.

Hindistan hökumətinin sözügedən siyasətinin ən son nümunələrindən biri BTQ-nin bu ilin yanvar ayında siqhlərin ədalətli mübarizəsinə dəstək məqsədilə təşkil etdiyi “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransdan sonra müşahidə olunub. Belə ki, tədbirin ardınca Kanada Siqh Federasiyasının sədri Bual Moninder Sinqh və onun ailəsi ölüm təhdidləri alıb.

Tədbir iştirakçıları Hindistan hökumətinin transmilli repressiya siyasətinin ifşasında və təqiblərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında oynadığı fəal rola görə Bakı Təşəbbüs Qrupuna xüsusi təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, BTQ-nin prinsipial mövqeyi və ardıcıl fəaliyyəti insan hüquqlarının kobud şəkildə pozulmasına qarşı beynəlxalq mübarizəyə mühüm töhfələr verir.

Maraqlıdır ki, müxtəlif platformalar üzərindən canlı yayımlanan mətbuat konfransı kiberhücumlara məruz qalıb və canlı yayım dəfələrlə kəsilib, tədbir məkanında internet kəsilib.