Almaniyada kişilər Bundesverin icazəsi olmadan xaricə gedə bilməyəcəklər
Almaniya hakimiyyəti 17-45 yaş arası kişilərin Bundesverin (Almaniya Silahlı Qüvvələri) Karyera Mərkəzinin icazəsi olmadan ölkə ərazisini üç aydan çox müddətə tərk etməsini qadağan edib.
Xia.az “Berliner Zeitung” nəşrinə istinadən xəbər verir ki, yeni qaydalar artıq qüvvəyə minib.
Yeni qanunvericiliyə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən sözügedən yaş qrupuna daxil olan bütün kişilər Almaniyanı üç aydan çox müddətə tərk etmək istədikdə Karyera Mərkəzinə müraciət etməlidirlər. Bu tələb xaricdə təhsil (semestr), iş ezamiyyəti və ya uzunmüddətli səyahətlər kimi bütün hallara şamil olunur.
Qeyd olunur ki, bu qayda hərbi xidmətin modernləşdirilməsi haqqında qanun çərçivəsində tətbiq edilib. Əsas məqam odur ki, bu tədbir təkcə ölkə üçün hərbi təhlükə yarandığı halda deyil, artıq daimi əsasda fəaliyyət göstərir. Bu qərar Almaniyanın hərbi resurslarının uçotunun daha dəqiq aparılması və səfərbərlik hazırlığının gücləndirilməsi məqsədi daşıyır.