“Orion” pilotlu kosmik gəmisi Ay ətrafında uçuşunu başa vurub və Yerə qayıdır
“Artemida-2” missiyası çərçivəsində ABŞ-nin “Orion” kosmik gəmisinin ekipajı Ay ətrafında fırlandıqdan sonra Yerə qayıtmağa başlayır.
Xia.az -ın xəbərinə görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Mərkəzindən (NASA) məlumat verilib.
İdarənin saytında dərc olunmuş məlumatda bildirilib ki, “Artemis-2” komandası Ay müşahidələrini başa vurub və hazırda evə qayıtmağa başlayır.
Qeyd olunur ki, “Orion” aprelin 7-də Ayın cazibə qüvvəsi zonasını tərk edəcək və Yerin peykindən 66 098 km (41 000 mil) uzaqlaşacaq.
Daha əvvəl aprelin 6-da “Artemis-2” ekipajı “Apollo-13” ekspedisiyasının nailiyyətlərini üstələyərək insanın Yerdən uzaqlaşma məsafəsi üzrə yeni rekord qırıb, daha sonra Ayın görünməyən tərəfində öz uçuşu zamanı Yerdən ən uzaq nöqtəsinə çatıb.
Aprelin 2-də “Artemis-2” missiyası Floridadakı Kennedi Kosmik Mərkəzindən start götürüb. Bu, 1972-ci ildən bəri Aya ilk insanlı missiyadır. Uçuşun müddəti 10 gün təşkil edəcək. Astronavtlar Ay ətrafında fırlanmalı və Yerə qayıtmalıdırlar.
Aprelin 5-də missiya iştirakçıları gözlənilməz problemlə qarşılaşıblar – uçuşun üçüncü günündə göyərtədəki ayaqyolu işləməyib. NASA bildirib ki, nasazlığa səbəb ventilyasiya borusunda donub qalmış sidik olub. Dispetçerlər ağıllı həll yolu tapıblar – kapsulu elə fırladıblar ki, borunun donmuş hissəsi birbaşa günəş işığına məruz qalsın. Bu, qismən sistemi təmizləyib və mayenin bir hissəsinin açıq kosmosa çıxmasına imkan verib.
Daha əvvəl isə “Artemis-2” missiyasındakı “Orion” kosmik gəmisinin Ayın cazibə qüvvəsi zonasına daxil olduğu bildirilirdi.