CAR sahillərində ağ köpəkbalıqları yoxa çıxıb
Cənubi Afrika Respublikasının (CAR) Keyptaun sahili sularında böyük ağ köpəkbalıqları qəflətən yoxa çıxıb.
Xia.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı xəbər yayıb. Alimlər və aidiyyəti qurumlar bu qeyri-adi hadisənin dəqiq səbəblərini aydınlaşdırmağa çalışırlar.
Əvvəllər bu ərazilər köpəkbalıqlarının ən çox toplandığı yerlərdən biri hesab olunurdu, lakin son bir neçə ildə yırtıcıların sayı kəskin azalıb. Qeyd edək ki, CAR dünyada ilk dəfə olaraq hələ 1991-ci ildə böyük ağ köpəkbalıqlarını dövlət mühafizəsinə götürüb. İndi isə mütəxəssislər ehtiyat edirlər ki, bu növün yerli səviyyədə tamamilə yox olduğu ilk ölkə məhz CAR ola bilər.
Fotoqraf Kris Fellouz bildirib ki, əvvəllər il ərzində 250-300 köpəkbalığına rast gəldiyi halda, hazırda onlar, demək olar ki, görünmürlər. Bu vəziyyət alimlər və ekoloqlar arasında ciddi mübahisələrə səbəb olub.
Yerli dəniz bioloqu Elison Kok 2015-ci ildən etibarən qəribə faktlar əldə etdiyini bildirib. Dalğıclar ona bədənində spesifik kəsik yaraları olan köpəkbalığı cəsədlərinin fotolarını göndəriblər. Aparılan araşdırmalar nəticəsində əsas “şübhəli” müəyyən edilib – qatil balinalar (orkalar). Maraqlıdır ki, məhz cəsədin tapıldığı ərazidə tədqiqatçıların qayığına iki qatil balina yaxınlaşıb.
İki il sonra sahildə eyni yaralarla daha bir neçə böyük ağ köpəkbalığı cəsədi tapılıb. Məlum olub ki, qatil balinalar yalnız köpəkbalıqlarının ən kalorili orqanını – bədən çəkisinin təxminən üçdə birini təşkil edən qaraciyərini yeyirlər.
Elison Kokun fikrincə, ömür boyu ov olmağa alışmamış köpəkbalıqları qatil balinaların təhlükəsindən qaçmaq üçün sahildən daha uzaq və dərin sulara çəkiliblər. O hesab edir ki, CAR sularında ümumi populyasiyanın sayı hələlik sabit qalır, sadəcə yırtıcılar yerlərini dəyişiblər.