Bakıda zibillikdən butulka yığan limonad sexi BAĞLANDI
Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Aşıq Pəri küçəsi, 303A ünvanında yerləşən limonad sexi ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Xia.az -a daxil olan məlumatda iddia olunub ki, müəssisədə istehsal prosesi sanitar-gigiyenik normalara uyğun həyata keçirilmir.
Belə ki, içkilərin doldurulması üçün istifadə olunan plastik butulkaların ətraf ərazilərdəki tullantı yerlərindən yığıldığı, daha sonra adi şəraitdə yuyularaq yenidən istifadəyə verildiyi bildirilib.
Şikayətçi qeyd edib ki, bu proses zamanı heç bir dezinfeksiya və ya təhlükəsizlik qaydalarına riayət olunmur. Həmçinin məhsulların antisanitar şəraitdə qablaşdırıldığı və satışa çıxarıldığı iddia edilib.
Məlumata görə, müəssisədə çalışanların əksəriyyətini sosial cəhətdən həssas qruplara aid şəxslər təşkil edir və onların hüquqlarının qorunması ilə bağlı da problemlər mövcuddur.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Aşıq Pəri küçəsi, 303A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Lətif Əlif oğlu İbrahimova məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçiriblər.
Açıqlamada qeyd olunub ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub:
“Müəssisədə texnoloji ardıcıllıq prinsipinə, məhsulların və qablaşdırma materiallarının saxlanma şəraitinə riayət olunmadığı, etiketlənmə ilə bağlı tələblərin pozulduğu, xammalın saxlanması, ilkin emalı və hazır məhsulun soyudulması üçün sahələrin ayrılmadığı, emal zamanı qablaşdırmada şadlıq saraylarından geri yığılan şüşə butulkalardan istifadə olunduğu aşkarlanıb. Həmçinin müvafiq təmizlik işlərinin görülmədiyi, avadanlıq və işçi masaların korroziyaya məruz qaldığı və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib”.
Açıqlamada vurğulanıb ki, faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb:
“Məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laboratoriyaya təqdim edilib”.