“Porsche” “Bugatti” brendindən imtina edir
Almaniyanın idman və lüks avtomobil istehsalçısı “Porsche” şirkəti “Bugatti Rimac” və “Rimac Group” şirkətlərindəki payının beynəlxalq investorlar konsorsiumuna satıldığını elan edib.
Xia.az TASS-a istinadən xəbərinə görə, bu barədə şirkətdən açıqlama verilib.
Məlumata görə, “Porsche” “Bugatti Rimac” və “Rimac Group” şirkətlərindəki payını Nyu-Yorkdan olan “HOF Capital” investisiya şirkətinin rəhbərlik etdiyi konsorsiuma satmağa razılıq verib.
“Əməliyyat üzrə müvafiq müqavilələr aprelin 24-də imzalanıb. Yekun müqavilələr müvafiq tənzimləyici orqanların təsdiqləri də daxil olmaqla, standart ilkin şərtlərin yerinə yetirilməsindən asılıdır”, – deyə şirkət açıqlamasında bildirib.
“Porsche” və “Rimac Group” şirkəti 2021-ci ildə “Bugatti Rimac” birgə müəssisəsini təsis ediblər.
“Bu birgə müəssisədə “Porsche” 45%-lik minoritar (minoritar paket – ölçüsü müəssisənin səhmlərinin 50%-dən az olan səhmlər bloku) paketə sahibdir, “Rimac Group” isə 55% paya sahibdir. Bundan əlavə, “Porsche” “Rimac Group”un özündə də 20.6% paya sahibdir. Elan edilən müqavilə çərçivəsində “Porsche” səhmlərini “HOF Capital”ın rəhbərlik etdiyi konsorsiuma satmaqla, hər iki şirkətin kapitalından tamamilə çıxacaq. Bu konsorsiuma ən böyük investor kimi “BlueFive Capital”, eləcə də ABŞ və Aİ-dən olan institusional investorlar qrupu daxildir. Müqavilə başa çatdıqdan sonra “Rimac Group” “Bugatti Rimac”ı öz nəzarətinə götürmək və gələcək böyüməni dəstəkləmək üçün “HOF Capital” və “BlueFive Capital” ilə strateji tərəfdaşlıq qurmaq niyyətindədir”, – deyə açıqlamada qeyd edilib.