Anders Breyvik vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib

GeDzEsdZd0QX2rKfrrBhjYxysNsddvCljZG1Raa5_1200

Norveçdə kütləvi qətlə görə 21 il həbs cəzasına məhkum edilmiş Anders Breyvik yenidən vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib.

Xia.az  xəbər verir ki, bu barədə “Aftenposten” nəşri onun vəkili Eysteyn Storrvikə istinadən məlumat yayıb.

Məlumata görə, müraciət Breyvikin adından təqdim olunub.

Breyvik Norveçin müasir tarixində ən qəddar terrorçulardan biri hesab olunur. O, 2011-ci ilin iyulunda Osloda hökumət binaları yaxınlığında və Utoya adasında terror aktları törədib, nəticədə 77 nəfər həlak olub. Məhkəmə ona 21 il həbs cəzası verib və bu müddətin uzadılması mümkündür.

O, saxlanıldıqdan sonra cinayətləri etiraf etsə də, özünü günahkar saymır. Breyvik iddia edir ki, guya “Norveç mədəniyyətinin süqutunun qarşısını almaq” üçün “özünümüdafiə” məqsədilə hərəkət edib.

Qeyd edək ki, Breyvik 2020-ci və 2022-ci illərdə də vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib, lakin hər iki halda məhkəmə bu tələbi rədd edib. 2022-ci ilin martında isə o, “şəraitin dəyişdirilməsi” məqsədilə başqa həbsxanaya köçürülüb.