Trampın iştirak etdiyi qəbulda atəş açan şəxsə qarşı ittiham irəli sürülüb

H87h4UyIq4BOhxyD0KNzV43f2nl0f51pgeIrLL6t_1200

ABŞ hüquq-mühafizə orqanları Ağ Evin Müxbirlər Assosiasiyasının Vaşinqtondakı “Washington Hilton” hotelində keçirilən qəbulunda baş vermiş atışmada şübhəli bilinən şəxsin bu mehmanxananın sakini olduğu qənaətindədirlər.

Xia.az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla Kolumbiya dairəsi Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ceffri Kerroll mətbuat konfransında çıxış edib.

O əlavə edib ki, şübhəli xəstəxanada müayinə olunur, hər hansı bir güllə yarası almayıb. Polis idarəsinin nümayəndəsi əlavə edib ki, atəş açan şəxsin motivi hazırda məlum deyil, istintaqçılar onun hədəfinin kim olduğunu müəyyən etməyi planlaşdırırlar.

Kolumbiya dairəsinin baş prokuroru Janin Pirro atışmada şübhəli bilinən şəxsə iki bənd üzrə ittiham irəli sürüldüyünü bildirib.

“Hazırda cavabdehə iki bənd üzrə ittiham irəli sürülüb: zorakı cinayət törətmək üçün odlu silahdan istifadə və federal agentə təhlükəli silahdan istifadə edərək hücum”, – deyə o mətbuat konfransında bildirib.

Pirro əlavə edib ki, şübhəli bazar ertəsi hakim qarşısına çıxacaq.

Qeyd edək ki, atışma gecə saatlarında Vaşinqtonda Ağ Ev Müxbirlər Assosiasiyasının prezident Donald Trampın iştirak etdiyi qəbulunda baş verib. ABŞ Administrasiyasının heç bir nümayəndəsi xəsarət almayıb. ABŞ Məxfi Xidməti bir nəfərin saxlanıldığını bildirib.