Ermənistan XİN başçısının müavini: “Naxçıvan dəmir yolu Ermənistanın cənubi ilə şimalını birləşdirməyə kömək edəcək”
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, praktikada TRIPP marşrutu ölkənin cənub hissəsinin Naxçıvan dəmir yolu vasitəsilə şimal hissəsi ilə birləşdirilməsini nəzərdə tutur.
Xia.az xəbər verir ki, o, “World Policy Conference” çərçivəsində keçirilən “Aİ strateji tərəfdaş kimi: Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanın perspektivləri” mövzusunda panel müzakirəsində bu barədə danışıb.
Nazir müavininin sözlərinə görə, TRIPP layihəsinin dəstəklənməsi ilə bağlı səsləndirilən fikirlər Vaşinqtonda əldə olunan razılaşmaları tam əks etdirmir. Kostanyan qeyd edib ki, Ermənistan regionda kommunikasiyaların açılmasında maraqlıdır.
“TRIPP təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən layihə deyil. Bu, Mərkəzi Asiyanı Avropa ilə bağlayan daha geniş və strateji təşəbbüsdür. Praktikada isə bu, Ermənistanın cənubunun Naxçıvan dəmir yolu vasitəsilə şimal ilə birləşdirilməsi deməkdir”, – deyə o vurğulayıb.
Kostanyan əlavə edib ki, kommunikasiyaların açılması regionda Şərqlə Qərb, eləcə də Fars körfəzi ilə Qara dəniz arasında əlaqələrin qurulmasına imkan verə bilər.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi ilə bağlı ABŞ tərəfdaşları ilə danışıqlar aparılır, texniki-iqtisadi əsaslandırma hazırlanır və regionda nəqliyyat əlaqələrinin bərpası istiqamətində işlər görülür.
Nazir müavini həmçinin bildirib ki, Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı və birbaşa ticarətin başlanması istiqamətində addımlar atılır. Bu çərçivədə Azərbaycandan yanacaq idxalı həyata keçirilir. Eyni zamanda, iki ölkə arasında ictimai əlaqələrin qurulması üçün vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri təşkil olunur.
O vurğulayıb ki, Ermənistan, Azərbaycan və Gürcüstanın xarici işlər nazirlikləri arasında üçtərəfli məsləhətləşmə formatı da fəaliyyət göstərir və bu, regionda əməkdaşlıq üçün geniş perspektivlər açır.