Braziliyada güclü yağış və daşqınlar: Ölənlər var
Braziliyanın şimal-şərqindəki Pernambuku ştatında daşqın və torpaq sürüşmələri baş verib. Nəticədə ən azı dörd nəfər ölüb, onlarla insan yaralanıb.
Xia.az -ın xəbərinə görə, bu barədə “CNN Brasil” nəşri məlumat yayıb.
Daha ağır vəziyyət regionun Resife şəhərində, eləcə də ətraf ərazilərdədir. Güclü yağışlar dağlıq ərazilərdə torpaq sürüşmələrinə, yaşayış binalarının uçmasına və magistral yolların su altında qalmasına səbəb olub. İndiyə qədər dörd nəfərin öldüyü məlumdur, yaralıların dəqiq sayı müəyyənləşdirilir.
Telekanalın məlumatına görə, yerli xəstəxanalar gücləndirilmiş şəkildə işləyir, müxtəlif dərəcəli xəsarət alanlar müalicə edilirlər. Ən çox zərərçəkmiş ərazilərdə yanğınsöndürmə bölmələri və mülki müdafiə xidmətlərinin də cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları davam edir. Xilasedicilər həmçinin yüksək riskli ərazilərdən sakinləri təxliyə edirlər.