ABŞ-də neft bazarındakı şübhəli əməliyyatlarla bağlı istintaq başlayıb
ABŞ-nin Ədliyyə Nazirliyi Prezident Donald Tramp, eləcə də İranın xarici işlər naziri Abbas Əraqçının Yaxın Şərqdəki münaqişə ilə bağlı mühüm açıqlamalarından əvvəl neft birjasında həyata keçirilən şübhəli ticarət əməliyyatlarını araşdırır.
Xia.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinə görə, Ədliyyə Nazirliyi ABŞ-nin Əmtəə Füçersləri Ticarəti Komissiyası (CFTC) ilə birlikdə ən azı dörd belə epizodu araşdırır. Bildirilir ki, treyderlər bazarda kəskin ucuzlaşmaya səbəb olan bəyanatlardan qısa müddət əvvəl neftin qiymətinin düşəcəyinə ümumilikdə 2,6 milyard dollardan çox məbləğdə mərc ediblər.
Belə ki, martın 23-də Donald Trampın İranın enerji obyektlərinə zərbələrin təxirə salınacağını açıqlamasından cəmi 15 dəqiqə əvvəl treyderlər 500 milyon dollar dəyərində neft satışı sifarişləri yerləşdiriblər. Məhz bu açıqlamadan sonra neftin qiyməti 15% ucuzlaşıb.
Aprelin 7-də isə ABŞ-nin İranla müvəqqəti barışıq elan etməsinə bir neçə saat qalmış investorlar tərəfindən təxminən 960 milyon dollarlıq neft müqavilələrinin satışı üzrə sifarişlər verilib. Nəticədə neftin qiyməti yenidən 15% aşağı düşüb.
Oxşar vəziyyət aprelin 17-də – Abbas Əraqçının sosial şəbəkədə İranın Hörmüz boğazını gəmiçilik üçün açacağı ilə bağlı paylaşımından 20 dəqiqə əvvəl, həmçinin aprelin 21-də Donald Trampın İranla atəşkəs rejiminin uzadılması barədə açıqlamasından 15 dəqiqə əvvəl də qeydə alınıb.
Həmin hallarda neft satışı üzrə yerləşdirilmiş sifarişlərin həcmi müvafiq olaraq 760 milyon dollar və 430 milyon dollar təşkil edib.