ABŞ-də benzin böhranı: Qiymətlər kəskin artır
ABŞ-nin 50 ştatından yalnız birində bir qallon (3,79 litr) benzinin orta qiyməti 4 dollardan aşağı səviyyədə qalır.
Xia.az xəbər verir ki, bu barədə Milli Avtomobil Assosiasiyasının (AAA) məlumatında bildirilib.
Qeyd olunub ki, benzinin bir qallonunun qiymətinin 4 dolları keçmədiyi yeganə ştat Oklahomadır. Burada orta qiymət 3,98 dollar təşkil edir. Ölkə üzrə isə istehlakçılar yanacaqdoldurma məntəqələrində bir qallon benzin üçün orta hesabla 4,55 dollar ödəyirlər.
Ən bahalı yanacaq qiymətləri Kaliforniya ştatında qeydə alınıb. Burada benzinin bir qallonunun orta qiyməti 6,16 dollar səviyyəsindədir.
Bildirilib ki, qiymət artımı İran ətrafındakı gərginlik və Hörmüz boğazı vasitəsilə neft tədarükündə yaranan fasilələrlə əlaqələndirilir. Bundan əlavə, ABŞ-nin neft emalı zavodlarında yaranan problemlər və yay avtomobil mövsümünün yaxınlaşması da bazara əlavə təzyiq göstərir.
Qeyd edək ki, Birləşmiş Ştatlarda benzinin orta qiymətinin tarixi maksimumu 2022-ci ilin iyun ayında qeydə alınıb. Həmin vaxt bir qallon benzinin qiyməti 5 dolları ötüb.