Moskva İrəvana etiraz etdi: Ermənistan səfiri XİN-ə çağırıldı
İrəvanda keçirilən “Avropa Siyasi Birliyi” Sammitində baş verən bəzi hadisələrlə əlaqədar Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Xia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi məlumatında bildirilib.
“Mayın 7-də Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Onun Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşü keçirilib”, – deyə məlumatda qeyd olunub.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, diplomatik missiyanın rəhbərinə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistanda Rusiya ünvanına terror xarakterli təhdidlər səsləndirməsi üçün şərait yaradılmasının qəbuledilməz olduğu çatdırılıb.
Qurum həmçinin vurğulayıb ki, İrəvan Zelenskinin Ermənistanda Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə lazımi reaksiya verməyib və belə yanaşma tərəfdaşlıq münasibətlərinin mahiyyətinə tamamilə ziddir.