Xeyrəddin Qoca ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü
Baku TV-nin “Aydın Tarix” verilişinin yeni buraxılışında yazıçı, jurnalist Xeyrəddin Qoca ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
O bildirib ki, Heydər Əliyev Moskvada təzyiqlərlə üzləşdiyi dövrdə onun haqqında yayılan ittiham və böhtanlara qarşı çıxaraq müdafiə xarakterli yazılar yazıb:
“Fikirləşirdim ki, 14 il Azərbaycana rəhbərlik etmiş bir insan haqqında niyə belə yazırlar? Onu vaxtilə tərifləyənlər indi əleyhinə danışırdılar. Həmin yazılara görə 4 dəfə işdən qovulmuşam”.
Yazıçı Heydər Əliyevlə ilk görüşünü də xatırlayıb:
“Mənə dedi ki, sən özünü ilanların içinə atmısan, səni məhv edə bilərdilər. Mən isə cavab verdim ki, kasıb jurnalistəm, mənimlə kimin nə işi var?!”.
Xeyrəddin Qoca Heydər Əliyevin uzaqgörən siyasətçi olduğunu vurğulayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını nümunə göstərib:
“O, bu günləri görürdü. Bilirdi ki, Azərbaycana güclü zabitlər və əsgərlər lazım olacaq”.