Hospitala yoxlanışa gedən Tramp İran əməliyyatında yaralanan hərbçilərlə görüşmədi
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp hərbi hospitala səfəri zamanı İrana qarşı əməliyyatlarda yaralanan hərbçilərdən heç biri ilə görüşməyib.
Xia.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “CBS News” telekanalı məlumat yayıb.
Dövlət başçısı çərşənbə axşamı günü Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzə gəlib, burada illik tibbi və stomatoloji müayinədən keçib. O, orada hərbçilərlə ünsiyyət qurub, lakin İrana qarşı döyüş əməliyyatları zamanı yaralanan 14 hərbi qulluqçudan heç biri ilə görüşməyib. Ağ Evin mətbuat xidməti Trampın hospitala səfərini təsdiqləyib, bununla belə prezidentin yaralıları hansı səbəbdən ziyarət etmədiyinə izah verilməyib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.