İndoneziyada sərnişin təyyarəsi yandırıldı: ABŞ-li pilot həlak oldu

WuhbX0VhHY8XJnjKW1xeZbOVXVXZ8GMfBVeylbrN_1200

İndoneziyanın şərqində yerləşən Dağlıq Papua əyalətində naməlum şəxslər aerodroma eniş etmiş təyyarəni yandırıblar.

Xia.az xəbər verir ki, bu barədə “Jakarta Globe” nəşri İndoneziya Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ABŞ vətəndaşı olan pilot həyatını itirib.

Qurumun məlumatına əsasən, yerli “PT AMA” aviaşirkətinə məxsus təyyarə Vamena şəhər hava limanından uçuş həyata keçirib və göyərtəsində yeddi sərnişin, bir heyət üzvü olmaqla Cayavicaya dairəsindəki uçuş-eniş zolağına enib. Pilot enişin uğurla başa çatdığını bildirdikdən sonra hava gəmisi ilə əlaqə kəsilib. Bir müddət sonra rəsmilərə təyyarənin endiyi yerdə alovlanması barədə məlumat daxil olub.

İndoneziyada sərnişin təyyarəsi yandırıldı: ABŞ-li pilot həlak oldu - FOTO

İndoneziyanın Nəqliyyat Nazirliyi ABŞ vətəndaşı olan pilot Nikolas Qoselinin ölüm faktını təsdiqləyib və hadisənin təfərrüatının araşdırıldığını bildirib. İnsidentin dəqiq səbəbləri hüquq-mühafizə orqanlarının iştirakı ilə aparılacaq istintaq zamanı müəyyənləşəcək. Cayavicaya dairəsinin polisi bölgədə fəaliyyət göstərən silahlı qruplaşmanın hücumda ehtimal olunan iştirakı ilə bağlı xəbərləri yoxladığını açıqlayıb.

Məlumat üçün qeyd edək ki, İndoneziya 1969-cu ildə Qərbi Yeni Qvineya ərazisinə nəzarəti ələ keçirərək orada Qərbi İrian əyalətini yaradıb, daha sonra isə onu Papua və Qərbi Papua olmaqla iki hissəyə bölüb. 2019-cu ildə bu əyalətlərdə öz müqəddəratını təyinetmə üzrə referendumun keçirilməsi tələbi ilə iğtişaşlar və etiraz aksiyaları baş verib. 2022-ci ildə isə Papua əyalətindən Dağlıq Papua, Mərkəzi Papua və Cənubi Papua adlı yeni əyalətlər ayrılıb.