Almaniyada gimnaziyaya hücum zamanı iki qız yaralanıb: 16 yaşlı şübhəli saxlanılıb
Almaniyanın Bavariya əyalətinin Şonqau şəhərində yerləşən gimnaziyada baş verən hücumdan sonra polis zərərçəkənlər və saxlanılan şübhəli ilə bağlı məlumatları dəqiqləşdirib.
Xia.az xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ən azı iki qız ağır xəsarət alıb. Əvvəlcə KİV-də dörd nəfərin yaralandığı bildirilirdi, lakin hüquq-mühafizə orqanları hazırda iki şagirdin ağır yaralandığını təsdiqləyir. Yaralıların vəziyyəti ağır olsa da, həyatları üçün təhlükə yoxdur.
Polis tərəfindən saxlanılan şübhəli şəxsin 16 yaşı var. İlkin məlumata görə, yeniyetmə hücumdan sonra hadisə yerindən qaçmağa cəhd edib, lakin qısa müddət sonra yaxalanıb. Onun üzərindən bıçaq və odlu silah aşkar edilərək götürülüb. Zərərçəkənlərin yalnız bıçaq xəsarətləri aldığı bildirilir.
İstintaq orqanları şübhəlinin həmin gimnaziyanın şagirdi olub-olmadığını araşdırır. Əməliyyata altı helikopter cəlb edilib, onlardan biri yaralıları xəstəxanaya çatdırıb.