Məktəblərə dəvət alanları kim seçir? – Növbədə avtoritet olacaq

Bakının 45 saylı orta məktəbində fitnes məşqçisi Kamil Zeynallı ilə görüş keçirilib. Onun məktəblilərlə görüşü sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Çoxları orta məktəbdə şagirdlərlə görüş üçün məhz Kamil Zeynallının dəvət edilməsini narazılıqla qarşılayıblar.
Düzdür, Kamil Zeynallı bu görüşdə şagirdlərə pis heç nə tövsiyə eləməyib. Əlbəttə, auditoriya qarşısına çıxan birinin ilk edəcəyi şey ağıllı-ağıllı danışmaq, öz təcrübəsini paylaşmaqdır ki, Kamil də bunu edib. Amma onun ömür yolunun heç də hamar olmadığını nəzərə alsaq...
Kamil öz karyerasında irəliləyiş etmiş, müəyyən səviyyəyə çatmış ola bilər. Amma nə Olimpiya çempionudur, nə ölkə bayrağını dalğalandırmış idman ustası. Sadəcə sosial şəbəkələrdə şəxsi həyatını, özünü nümayiş etdirən bir insandır. Ölkədə blogerlikdən də, idmandan da danışacaq çoxlu sayda mütəxəssis, peşəkar ola-ola niyə məhz Kamil şagirdlərin qarşısına dəvət edilirdi?
Kamil tez-tez kiminləsə qalmaqalı, davaları, söyüşləri ilə gündəmə gəlir, zaman-zaman “sutkalıq” həbslərə düşüb-çıxır. Düzdür, savaş dövründə xeyriyyəçilik elədi, amma o sadəcə vasitəçi idi. Eyni şəkildə addım atmış, kölgədə qalmış minlərlə azərbaycanlı kişi və qadın var. Kamilin yerinə o məktəbə hansısa bir qəhrəmanı, döyüşçünü çağırmaq olmazdımı? Məktəb bu dəvətlə tələbələrinin dünyagörüşünə hansı töhfələri vermək istəyirdi? Məktəb rəhbərliyi eyni işgüzarlığı başqa bir məşhurla görüş üçün sərgiləyə bilərdi. Məsələn xalq artisti, aktyor, əmək veteranı, qazi, şəhid ailəsi, igid döyüşçü və.s.
Əgər populyarlıq bu haqqı verirsə, belə çıxır ki, sabah o səhnəyə söyüşləri ilə sosial şəbəkələrdə populyarlıq qazanmış Ləman, Bayram Nurlu, Nia və fırıldaqçı sevgilisi, “qırmızı adam”, qara şeytan, narkoman, avara meyxanaçı, küçə qadını, göbək rəqqasəsi və daha kimlər, kimlər çıxacaq.
Bu gün bir jurnalist hər hansı bir problemi işıqlandırmaq üçün Bakı məktəblərindən birinin qapısını açmaq istəsə, yüz dənə əngəllə qarşılaşacaq, hətta kobud şəkildə sinəsindən geri itələnərək ayrılacaq o məktəb qapısından. Amma məktəb qapıları məmuniyyətlə şoumenlərə, blogerlərə, tiktokerlərə açılır. Bu gün ictimai şəxs deyəndə sosial şəbəkədə öz cibi üçün işləyənlər nəzərdə tutulur və müəllimlər də yeniyetmələrə bunu təlqin edirlər?
O məktəblilərin çoxu belə görüşlərdən sonra oxumadan da məşhurlaşmağın, varlanmağın mümkün olması kimi şirin nağıllara inanmağa başlayır, “yaxşı ceyil, yaxşı oğlan” olmağın “razborka”larına girişirlər. Oğru dünyasının əlindən su içmiş kumirlərinin həyatına baxıb oğru aləminin onlara verəcəyi “işıqlı gələcək” barədə fantaziyalar qururlar.
Bəlanı qapıdan içəri dəvət edən isə nə şeytandır, nə əcəl. Məktəb rəhbərliyinin özüdür!
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.