Baş direktor: “Azərbaycanın rəqəmsal məhsullarına Afrika ölkələrində maraq artır”
“Yerli innovativ məhsulların və texnoloji həllərin beynəlxalq bazarlara ixracı əsas fəaliyyət istiqamətlərimizdən biridir. Azərbaycanın rəqəmsal dövlət məhsulları dünyanın ticarət şəbəkələrində, xüsusilə Afrika ölkələrində böyük maraqla qarşılanır”.
xia.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya üzrə baş direktoru Salar İmaməliyev Bakıda keçirilən “Azərbaycan-Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” forumunda deyib.
O bildirib ki, Azərbaycanın rəqəmsal transformasiya sahəsində topladığı praktik təcrübəni beynəlxalq müstəviyə təqdim etmək artıq real nəticələr verən strateji istiqamətə çevrilib:
“İndiyədək Afrikanın müxtəlif ölkələrindən 50-dən çox xarici nümayəndənin iştirakı ilə təqdimat sessiyaları təşkil olunub. Bu görüşlərdə Azərbaycanın qabaqcıl rəqəmsal həlləri – “mygov”, “mygov ID”, rəqəmsal sənəd dövriyyəsi sistemləri və “Digital Bridge” platforması təqdim edilib”.
Baş direktor əlavə edib ki, hazırda 18-dən çox ölkə ilə platformaların adaptasiyası və pilot layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar davam edir:
“Türkiyə şirkətləri ilə qurulan əməkdaşlıqlar Azərbaycanın rəqəmsal məhsullarının regional və qlobal bazarlarda mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır”.