Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü – Serbiya ilə dərinləşən münasibətlər
Fevralın 15-də Prezident İlham Əliyev Serbiyaya gedib. Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclası baş tutub, bir sıra mühüm sənədlərin mübadiləsi həyata keçirilib. İmzalanan sənədlər siyasi dialoqun və institusional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləməklə yanaşı, enerji, iqtisadiyyat, kənd təsərrüfatı, media və kommunikasiya, mədəni əlaqələrin genişləndirilməsinə xidmət edir. Xüsusilə Serbiyada qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunmasına dair razılaşma enerji təhlükəsizliyi və qarşılıqlı investisiya imkanları baxımından strateji əhəmiyyət daşıyır.
Tarixi dostluq münasibətlərinə əsaslanan, qarşılıqlı hörmət və etimada söykənən bu tərəfdaşlıq son illər strateji məzmun kəsb edərək siyasi, iqtisadi və humanitar sahələrdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçıları arasında formalaşan qarşılıqlı etimad və şəxsi dostluq münasibətləri isə bu əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayır. Yəni, Belqradda keçirilən görüş və imzalanan sənədlər Azərbaycan-Serbiya strateji tərəfdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir və iki ölkə arasında uzunmüddətli, sistemli və qarşılıqlı faydaya əsaslanan münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu bir daha təsdiqləyir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Zaur Şükürov bildirib ki, son illərin təcrübəsi və müşahidələr göstərir ki, beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsinə daxil olub:

“Qlobal güc mərkəzləri arasında balansın dəyişməsi, “hüququn gücü deyil, gücün hüququ”nun önə çıxması, enerji təhlükəsizliyi məsələlərinin önəm kəsb etməsi, regional münaqişələrin, həmçinin onların həllində uzaqgörən liderlik məharəti nümayiş etdirilməsinin yeni geosiyasi reallıqlar yaratması dövlətlər tərəfindən daha çevik, praqmatik və çoxşaxəli xarici siyasət kursu həyata keçirilməsini zəruri edir. Bu xüsusda, Prezident İlham Əliyevin heyrətamiz liderliyi ilə Azərbaycan özünü yalnız Cənubi Qafqazın aparıcı dövləti kimi deyil, eyni zamanda Avrasiya məkanında, hətta daha geniş coğrafiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi təsdiqləyib”.
“Azərbaycanın Balkan regionu ilə münasibətləri, xüsusilə Serbiya ilə strateji tərəfdaşlığı bu baxımdan vacib əhəmiyyət daşıyır. İki ölkə arasında münasibətlər son illər daha da dərinləşib, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə layihələrin icra edilməsinə imkan yaranıb. Həmçinin çoxtərəfli beynəlxalq platformalarda da səmərəli əməkdaşlıq davam etdirilir” – deyə, deputat vurğulayıb.
Münasibətlərin tarixinə nəzər salan millət vəkili qeyd edib ki, əvvəllər Serbiya bölgəsinin də daxil olduğu keçmiş Yuqoslaviya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyıb, daha sonra isə bu dövlətin süqutunun ardınca təşəkkül tapan Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan arasında 21 avqust 1997-ci ildə diplomatik münasibətlər qurulub:
“Sonrakı illərdə Serbiya müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirdikcə, Azərbaycanla da əlaqələr yeni mərhələyə daxil olub. 2011-ci ildə qarşılıqlı olaraq hər iki paytaxtda səfirliklərin açılması münasibətlərin davamlı və institusional xarakter almasına, ikitərəfli dialoqun intensivliyinin əhəmiyyətli dərəcədə artmasına imkan verdi. 8 fevral 2013-cü ildə Bakıda “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, 21 may 2018-ci ildə Bakıda “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” və 23 noyabr 2022-cü ildə Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalanması ilə münasibətlər ardıcıl olaraq yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu razılaşmalar münasibətlərin siyasi əsasını formalaşdırmaqla yanaşı, uzunmüddətli əməkdaşlıq üçün strateji yol xəritəsi rolunu oynadı. Xüsusilə də yüksək səviyyəli koordinasiya formatı olan Strateji Tərəfdaşlıq Şurasının təsis edilməsi əlaqələrin genişləndirilməsi, gündəlikdə duran məsələlərin mütəmadi əsasda nəzərdən keçirilməsi və planlarının icrasının effektiv şəkildə diqqətdə saxlanılması baxımından səmərəli bir mexanizm hesab edilə bilər.
Müasir beynəlxalq münasibətlər sistemində yeni tendensiya – lider faktorunun rolunun artması xüsusilə diqqətçəkən məqamlardandır. Azərbaycan-Serbiya münasibətlərinin inkişaf etməsində prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç arasında formalaşan qarşılıqlı etimad və şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Vuçiçin çıxışlarında İlham Əliyevi sədaqətli dost və təcrübəli dövlət xadimi olaraq təqdim etməsi münasibətlərin səmimi və etibarlı xarakterini açıq şəkildə nümayiş etdirir. Heç şübhəsiz, əlaqələrin inkişafında dövlət başçılarının səfərləri də xüsusilə önəm kəsb edir. Son illər Azərbaycan və Serbiya prezidentlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin gerçəkləşdirilməsi sadəcə protokol xarakterli səfərlər deyil, iki dost və strateji tərəfdaş dövlətlərin liderlərinin qlobal və regional proseslər və çağırışlar fonunda əhəmiyyətli müzakirələr aparılmasına imkan verən görüşlər və dialoqlardır”-parlamentari vurğulayıb”.
Müsahibimizin fikrincə, Azərbaycanın Serbiya ilə münasibətlərində önəmli məqamlardan biri də ölkəmizin təkcə regional miqyasda lider dövlət kimi deyil, həmçinin qlobal arenada da artıq vacib aktorlardan biri kimi çıxış etməsidir:
“Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə gerçəkləşən BTQ, BTC, TANAP, TAP kimi qlobal əhəmiyyətli enerji və nəqliyyat dəhlizləri, Avropa, o cümlədən Aİ üzv dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsində rolu, 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində torpaqlarımızın işğaldan azad olunması, Prezident İlham Əliyevin sülh təşəbbüsü, Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və TRİPP marşrutu ilə bağlı razılaşmaların əldə olunması Orta Dəhlizin əsas açar dövlətlərindən olan Azərbaycana beynəlxalq miqyasda diqqəti daha da artırıb. Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın öz enerji təchizatının diversifikasiyası və Rusiyadan asılılığın minimuma endirilməsi istiqamətində işlərin sürətləndirilməsi fonunda müstəqil və praqmatik xarici siyasət kursu yürüdən, o cümlədən uzaqgörən enerji strategiyasına malik olan Azərbaycanın hazırda Avropanın ən etibarlı enerji tərəfdaşlarından biri olması dost Serbiyaya da bu əlverişli imkandan yararlanmağa imkan verir. Hazırda iki ölkə arasında əlaqələrin strateji istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır və Serbiyada qaz-turbin elektrik stansiyasının tikintisi ilə bağlı layihə bu planların tərkib hissəsi hesab edilə bilər. 500 meqavat gücündə olacaq bu stansiya Serbiyanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Azərbaycanın Avropada investisiya portfelinin genişlənməsini təmin edəcək”.
“Azərbaycan-Serbiya münasibətlərinin digər mühüm dayaqlarından biri iqtisadi və ticari tərəfdaşlıqdır. İki ölkə arasında bu yöndə Hökumətlərarası Komissiyanın 2011-ci ildə yaradılması qeyd olunan sahədə əlaqələrin inkişafında vacib mexanizm rolunu oynamaqdadır. Serbiyada Azərbaycan kapitalının iştirakı ilə reallaşdırılan layihələr ölkəmizin səmərəli xarici investisiya strategiyasını nümayiş etdirir. Energetika sahəsində planlaşdırılan iri həcmli sərmayələrdən əlavə, sənaye, kənd təsərrüfatı və xidmət sektorlarında da Azərbaycan biznesinin marağı artmaqdadır. Eyni zamanda, Azərbaycanda formalaşmış əlverişli investisiya mühiti, sabitlik və dövlət səviyyəsində təmin edilən institusional dəstək Serbiya biznesinin də ölkəmizdə səmərəli fəaliyyətinə imkan verən faktorlardır. Bununla yanaşı, ölkəmizin enerji və maliyyə resurslarına malik olması, Serbiyanın isə kənd təsərrüfatı, ərzaq emalı və sənaye istehsalı sahəsində ciddi potensialı gələcəkdə ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə şərait yarada bilər. Prezident Aleksandar Vuçiçin çıxışında Azərbaycan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə və münasib qiymətlərinə xüsusi vurğu etməsi bu sahədə real marağın formalaşdığını göstərir. Eyni zamanda, Serbiya istehsalı olan kənd təsərrüfatı və sənaye məhsullarının Azərbaycan bazarına çıxarılması üçün də geniş imkanlar mövcuddur. Bununla yanaşı, Bakı-Belqrad birbaşa aviareyslərinin açılması yalnız turizm və humanitar əlaqələr üçün deyil, biznes və logistika, habelə işgüzar dairələr arasında təmasları sürətləndirilməsi baxımından da mühüm addımdır. Nəzərə alsaq ki, Azərbaycanın xarici siyasətində humanitar və mədəni ölçü xüsusi yer tutur, Serbiya ilə münasibətlərdə də bu istiqamət ardıcıl şəkildə inkişaf etdirilir. Azərbaycanın tolerantlıq, multikulturalizm və təhlükəsizlik modeli Serbiya ictimaiyyətində də rəğbətlə qarşılanır və Serbiya Prezidentinin Bakını təhlükəsiz, müasir və sürətlə inkişaf edən şəhər kimi təqdim etməsi bunu bir daha sübut edir. Mədəniyyət, təhsil, gənclər və idman sahəsində imzalanmış sənədlər hər iki dövlətin xalqlarımız arasında əlaqələrin inkişafına verdiyi önəmi nümayiş etdirir” – deyə, Z.Şükürov diqqətə çatdırıb.
O, münasibətlərin hüquqi əsasını təşkil edən müqavilə-hüquq bazasının genişləndirilməsinin də xüsusi önəm kəsb etdiyini deyib:
“Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanan ikitərəfli sənədləri də nəzərə almaqla, bu günədək qarşılıqlı maraq doğuran bir sıra sahələri əhatə edən 60-dan çox sənəd imzalanıb. Yekun olaraq, qeyd edilməlidir ki, Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş uğurlu əməkdaşlıq modeli hesab edilə bilər. Prezident İlham Əliyevin Serbiyaya həyata keçirilən bu səfəri isə münasibətlərin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən hadisədir”.