Bakıda mağazadan 750 manatlıq məhsul oğurlamaqda təqsirləndirilən Şövqi Dövlətovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
xia.az-ın Oxu.az-a istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Ş.Dövlətov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsi təklifini irəli sürüb.
Qeyd edək ki, Ş.Dövlətova qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, hadisə 2025-cu ildə Suraxanıda yerləşən marketlərdən birində baş verib.
İstintaqla müəyyən edilib ki, Şövqi Dövlətov marketə basqın edərək spirtli içkiləri yerə dağıdıb və kassadan 750 manat pul vəsaitini ələ keçirib.