Bakıdakı klinikalardan birində beşgünlük körpə ölüb.
Bu barədə Oxu.Az-a uşağın babası, Zərdab rayon sakini Tahir Qasımov məlumat verib.
O bildirib ki, 5 gün əvvəl nəvəsi A.Qasımov Bakıdakı klinikalardan birində dünyaya gəlib:
“İki gündən sonra uşağı klinikadan çıxarıb rayona evimizə gətirdik. Həmin gün axşam saatlarında uşaqda narahatlıq başladı və onu Zərdab Rayon Mərkəzi Xəstəxanasının Ailə-Sağlamlıq Mərkəzinə apardıq. Mərkəzin bölmə müdiri Şəfa Qocayeva uşaqda ciddi xəstəliyin olmadığını bildirdi və müalicə yazdı. Həmin müalicəni eləyəndən sonra uşağın vəziyyəti daha da pisləşdi. Uşağı Təcili Tibbi Yardım Stansiyasına çatdırdıq. Oranın həkimləri bildirdilər ki, uşaq sarılıq xəstəliyi keçirib və səhv müalicədən vəziyyəti ağırlaşıb. Məsləhət bildirdilər ki, uşağı yenidən Bakıya aparaq. Təcili olaraq uşağı Elmi Tədqiqat Uşaq Problemləri İnstitutuna gətirdik. Həkimlərin müayinəsi zamanı məlum oldu ki, yanlış müalicədən uşağın beyni zədələnib və vəziyyəti kritikdir. Körpəni reanimasiyaya yerləşdirsələr də, müalicələrin xeyri olmadı və nəvəm dünən axşam saatlarında dünyasını dəyişdi”.
T.Qasımov bildirib ki, uşağa səhv müalicə yazan həkim Şəfa Qocayeva Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Nihad Qocayevin həyat yoldaşıdır:
“Xəstəxanaya gələn xəstələri bilərəkdən həyat yoldaşının qəbuluna yönəldir. O da səhv diaqnozlarla xəstələrin vəziyyətini daha da ağırlaşdırır”.
Zərərçəkmiş bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.