Xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna yekun vurulub
“Şahdağ” Turizm Mərkəzində xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna yekun vurulub.
xia.az xəbər verir ki, yarışın son günündə idmançılar vertikal növdə güclərini sınayaraq birincilik uğrunda mübarizə aparıblar.
Vertikal növün nəticələrinə əsasən, qızlar arasında U-18 kateqoriyası üzrə 1-ci yerə Anastasiya Pşeniçnaya (Rusiya), 2-ci yerə Nataliya Babrovska (Polşa), 3-cü yerə Rabia Bulut (Türkiyə) layiq görülüb.
Eyni yaş kateqoriyasında oğlanlar arasında Matey Petre (Rumıniya) ilk pillədə qərarlaşıb. Adam Hubak (Slovakiya) və Aleks Kulanqa (Slovakiya) 2-ci və 3-cü yerləri bölüşüblər.
U-20 yaş kateqoriyasında Marina Anastasova (Bolqarıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci və üçüncü yerləri isə Türkiyə təmsilçiləri Gülnur Sağır və Sultan Evci Sueda tutublar. Oğlanlar arasında Valter Silas (Almaniya) qızıl medala sahib olub. Marek Foltyen (Çex Respublikası) gümüş, Malte Lessinq (İsveçrə) isə bürünc medal qazanıblar.
U-23 yaşadək qızlar arasında Tib Dezeyn (İsveçrə) ilk pillədə qərar tutub. İrina Umnitsina (Fərdi neytral idmançı) və Darya Zinçenko (Fərdi neytral idmançı) 2-ci və 3-cü yerləri bölüşüblər. Oğlanlar arasında Culian Tritşer (Avstriya) 1-ci, Silvano Volf (Avstriya) 2-ci, Loik Dubois (İsveçrə) isə 3-cü yerin sahibi olublar.
Böyüklər arasında qadınlar üzrə Sara Dreyer (Avstriya) qızıl, Culia Murada (İtaliya) gümüş, Karaline Ulrix (İsveçrə) bürünc medala layiq görülüblər. Kişilər arasında isə Remi Bonet (İsveçrə) 1-ci, Qey Orelien (İsveçrə) 2-ci, Kristof Hoçenvarter isə (Avstriya) 3-cü yerdə qərarlaşıblar.
Yarışda milli komandanın üzvü Nurid Şəkərəliyev öz kateqoriyasında 5-ci yerə sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatı və Dünya Kuboku Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarışlarda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edib.












