Süni intellektlə seksual məzmunlu material hazırlayanlar həbs ediləcəklər
Milli Məclis “Media haqqında” və Cinayət-Prosessual Məcəlləyə, həmçinin Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Xia.az xəbər verir ki, süni intellektlə qanunsuz, saxta materialların hazırlanıb yayılmasına görə cərimə və digər cəzalar müəyyənləşir.
Sənədə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audiomaterialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında, informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə üç ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qeyd olunur ki, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı baş verdikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə həyata keçirildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə – üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audiomateriallar hazırlayanlar da cərimələnəcəklər.
Layihəyə əsasən, həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası müəyyənləşdirilir.