Madyarın Macarıstanın baş naziri seçiləcəyi tarix açıqlandı
“Tisa” partiyasının lideri Peter Madyar mayın 9-da Macarıstanın baş naziri seçiləcək.
Xia.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Tamaş Şuyok “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
“Dövlət Məclisinin ilk iclasını 9 may 2026-cı il saat 10:00-a təyin etdim”, – deyə paylaşımda bildirilir.
Qeyd edək ki, aprelin 12-də keçirilən parlament seçkisində “Tisa” partiyası 199 yerlik parlamentdə 141 mandat qazanaraq qalib gəlib. Onun əsas rəqibi olan Viktor Orbanın rəhbərlik etdiyi FİDES – Macarıstan Vətəndaş Birliyi və Xristian Demokrat Xalq Partiyasından ibarət hakim koalisiya 52 mandat əldə edib. “Bizim Vətən” sağ radikal partiyası isə altı yer qazanıb.
Seçkidə iştirak səviyyəsi rekord həddə – 79,56% olub. Səsvermədə 5 milyon 988 mindən çox seçici iştirak edib.
Prezident Şuyok “Tisa” rəhbərinə yeni hökumət formalaşdırmağı təklif edib və Madyar artıq kabinetdə bəzi vəzifələr üçün namizədləri açıqlayıb.