“Kompüter elmləri” ixtisasını hədəfləyən Emiliya repetitor yanına getmədən uğur qazandı
Repetitor köməyi olmadan yüksək nəticə əldə edən şagirdlərin sayı artmaqdadır. Budəfəki uğur hekayəsinin qəhrəmanı 11-ci sinif şagirdi Emiliya Qayıbovadır. O, buraxılış imtahanında göstərdiyi yüksək nəticə ilə təhsil aldığı məktəbin fəxrinə çevrilib.
Xia.az xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında deyilir.

Emiliya Qayıbova uğurunun arxasında heç bir repetitorun dayanmadığını, yalnız öz zəhməti və müəllimlərinin dəstəyi ilə hazırlaşdığını bildirir: “Repetitor yanına getməmişəm. Öz məktəbimdə, müəllimlərimin köməyi ilə və şəxsi intizamımla hazırlaşmışam. İnanıram ki, hər kəs qarşısına məqsəd qoysa və öz üzərində israrla çalışsa, istədiyi nəticəni qazana bilər”.
İmtahan nəticələrindən əvvəlcədən ümidli olduğunu deyən şagird, sualların səviyyəsini orta çətinlikdə qiymətləndirib: “Nəticəni özümdən gözləyirdim. Düzdür, imtahan zamanı vaxt məhdudiyyəti və bəzi düşündürücü suallar olsa da, ümumilikdə yüksək bal yığacağıma əmin idim”.
Emiliyanın valideyni qızının məqsədyönlü olduğunu vurğulayaraq bildirib: “O, sadəcə qarşısına məqsəd qoymuşdu və ona çatmaq üçün gecə-gündüz çalışdı. Bir valideyn olaraq qızımın bu uğuru ilə fəxr edirik”.
Qeyd edək ki, iki il əvvəl 9-cu sinif buraxılış imtahanında 297 bal toplayan Emiliya Qaybova, gələcəkdə “Kompüter elmləri” ixtisası üzrə təhsil almağı hədəfləyir.