Pakistan “EO-3” peykini uğurla orbitə çıxarıb
Pakistan Yer müşahidəsi üçün nəzərdə tutulan “EO-3” elektro-optik peykini uğurla orbitə çıxarıb.
Xia.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, peyk Tayyuan kosmodromundan buraxılıb və bu hadisə ölkənin kosmik imkanlarının inkişafında mühüm mərhələ hesab olunur.
“EO-3” yüksəkdəqiqlikli görüntülər əldə etməklə yanaşı, yeni nəsil texnologiyaların sınağı üçün müasir avadanlıqlarla təchiz edilib. Buraya multi-geometriya çəkiliş modulu, yeni enerji toplama sistemi və real vaxt rejimində məlumatların emalı üçün süni intellekt əsaslı blok daxildir.
Qeyd olunub ki, peykin orbitə çıxarılması Yer müşahidə sistemlərinin imkanlarını genişləndirəcək, məlumatların dəqiqliyini və etibarlılığını artıracaq, həmçinin sosial-iqtisadi sahələrdə tətbiqləri gücləndirəcək.