Viza üçün müraciət edənlərin DİQQƏTİNƏ – Rədd cavabları arta bilər
“Avropa ölkələrinə səyahət üçün qaydalar sərtləşir”, “Şengen ölkələrinə giriş çətinləşəcək”, “Viza almaqda problemlər yaranacaq”…
Avropa İttifaqında sərhəd nəzarətinin rəqəmsallaşdırılması istiqamətində EES (Entry/Exit System – giriş-çıxış sistemi) sisteminin tam şəkildə tətbiqinə başlanandan sonra sosial şəbəkələrdə bu tip narahatlıqlar müşahidə edilməkdədir. Yeni qaydalara əsasən, Avropa İttifaqına daxil olan və ittifaq üzvü olmayan ölkələrin vətəndaşları üçün sərhəd prosedurlarında edilən ciddi dəyişikliklər müəyyən narahatlıqlara əsas verib. Xatırladaq ki, sistem 12 oktyabr 2025-ci ildən qüvvəyə minsə də, onun tam funksional tətbiqi 10 aprel 2026-cı ildən etibarən reallaşıb.
“Kaspi” qəzeti turizmçi Günel Şıxıyeva ilə mövzuya dair yaranan suallara aydınlıq gətirməyə çalışıb.
Həmin müsahibəni təqdim edirik:
“Məqsəd sərhəd təhlükəsizliyini gücləndirməkdir”
– Günel xanım, Şengen ölkələrinə giriş-çıxışda tətbiq olunan yeni qaydalar əsasən nədən ibarətdir?
– EES (Entry/Exit System) sərhəd keçidlərini rəqəmsal şəkildə idarə edən sistemdir. Əvvəlki sistemlə müqayisədə yeni mexanizm daha şəffaf və effektiv nəzarət imkanı yaradır. Əvvəllər sərhəd keçidləri əsasən manual şəkildə yoxlanılır, nəzarət qismən aparılır və icazə verilən müddətdən artıq qalma halları çətin izlənirdi. Yeni sistem isə tam avtomatlaşdırılmış idarəetmə ilə bu boşluqları aradan qaldırır. Xüsusilə 90/180 gün qaydasına riayət olunmasına nəzarət artıq daha dəqiq və operativ şəkildə həyata keçirilir. Bu isə həm qanunsuz qalma hallarının qarşısını almağa, həm də ümumi sərhəd təhlükəsizliyini gücləndirməyə xidmət edir. Ən diqqətçəkən yeniliklərdən biri pasportlara möhür vurulmasının ləğv edilməsidir. Artıq sərhədi keçən şəxslərin giriş və çıxış məlumatları tam rəqəmsal şəkildə qeyd olunur. Bununla yanaşı, ilk giriş zamanı barmaq izi, üz tanıma (biometrik üz yoxlaması) və pasport məlumatlarının toplanması həyata keçirilir. Sonrakı girişlərdə isə yalnız sürətli yoxlama aparılır. Sistem 90/180 gün qaydasına avtomatik nəzarət edir və məlumatları 3 ilədək saxlayır. Bu, sərhəd nəzarətini daha sürətli və effektiv edir, həmçinin icazəsiz müddətdən çox qalma hallarının qarşısını alır.
EES sisteminin tətbiqi Avropa İttifaqında miqrasiya axınlarının daha effektiv idarə olunmasına və təhlükəsizlik risklərinin minimuma endirilməsinə töhfə verəcək.

– Biometrik məlumatlar necə toplanır?
– EES sistemi çərçivəsində sərhəd keçidi zamanı biometrik məlumatların toplanması xüsusi qaydada həyata keçirilir. Bu proses sərhəd məntəqələrində yerləşən avtomatlaşdırılmış köşklər və ya sərhəd əməkdaşları vasitəsilə icra olunur. Toplanılan biometrik məlumatlara “Barmaq izi”, “Üz şəkli” daxildir. 12 yaşdan aşağı uşaqlar üçün isə daha sadələşdirilmiş qayda tətbiq edilir. Bu yaş qrupuna aid şəxslərdən yalnız fotoşəkil götürülür, barmaq izi tələb olunmur.
– ETIAS sistemi nədir?
– ETIAS – Avropa Səyahət Məlumatı və İcazə Sistemi (European Travel Information and Authorisation System) 2026-cı ilin sonlarından tətbiq olunması planlaşdırılan səyahət icazə sistemidir. Bu, vizasız rejimlə Avropa İttifaqına səfər edən ölkələrin vətəndaşlarına şamil olunan elektron icazədir. Buraya Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq və Kanada kimi ölkələr daxildir. Bu sistem Azərbaycan vətəndaşlarına şamil olunmur.

“Rədd cavablarının artma ehtimalı var”
– Bu sistemlər turistlərin Şengen zonasına girişini çətinləşdirəcək, yoxsa asanlaşdıracaq?
– Uzun müddətdə bu sistem tam tətbiq edildikdən sonra sərhəd keçidi daha sürətli olur, növbələr azalır. Qısa müddətdə, yəni hələ yeni qüvvəyə mindiyi üçün hava limanlarında müəyyən gecikmələr baş verə bilər. Ümumilikdə isə sistem uzunmüddətli dövrdə sərhəd keçidlərini daha rahat və effektiv etməyə xidmət edir.
– Yeni sistemin Azərbaycan vətəndaşlarına təsiri olacaqmı?
– EES və ETIAS sistemləri Azərbaycan vətəndaşları üçün viza qaydalarını dəyişmir, lakin sərhəd nəzarəti daha sərt və dəqiq olacaq. Şengen vizası əvvəlki kimi tələb olunur, lakin sənədlərin yoxlanılması daha ciddi aparılır və səyahət planları daha detallı analiz edilir.
İcazəsiz müddətdən artıq qalma və əvvəlki pozuntuların sistemdə görünməsi səbəbilə rədd cavablarının artma ehtimalı var. İlk dəfə müraciət edənlər üçün maliyyə sübutu, iş yeri arayışı, geri dönüş sübutu daha ciddi yoxlanılır. Ən çox edilən səhvlər isə saxta və ya yanlış bronlar, uyğunsuz tarixlər, zəif maliyyə vəziyyəti, düzgün olmayan iş yeri məlumatları və sığorta, saxta səyahət planı ilə bağlı olacaq. Yeni qaydalara əsasən, Şengen vizası ilə ilk giriş mütləq viza alınan ölkədən həyata keçirilməlidir. Yeni sistemin ən əsas dəyişikliyi kimi turistlərin bu məqama xüsusi diqqət yetirməsi tövsiyə olunur.
“Sərtləşmə müşahidə olunacaq”
– Yaxın illərdə Avropa ölkələrinə girişlə bağlı daha hansı yeniliklər gözlənilir?
– Avropa İttifaqında sərhəd nəzarətinin rəqəmsallaşdırılması davam edəcək. 2026-cı ilin sonlarına doğru ETIAS sistemi də tam tətbiq olunacaq. Vizasız rejimlə səyahət edən şəxslərdən əvvəlcədən elektron icazə alınması tələb ediləcək”. Bu o deməkdir ki, elektron vizasız səyahət edənlər üçün əvvəlcədən elektron icazə tələb ediləcək. Bundan əlavə, bütün giriş-çıxışların tam rəqəmsal izlənməsi daha da gücləndiriləcək.
– Şengen zonasına giriş daha da sərtləşəcək deyə bilərikmi?
– Bəli, müəyyən mənada sərtləşmə müşahidə olunacaq. EES sistemi ilə biometrik nəzarət, avtomatik 90/180 gün izlənməsi və məlumat bazası üzərindən yoxlamalar artıq məcburi olacaq. Bu isə sərhəd keçidlərində daha ciddi nəzarət deməkdir.
– Prosesin turizmə təsiri necə olacaq?
– Qeyd etdiyim kimi, sistemin tətbiqi ilə əlaqədar ilk vaxtlar hava limanlarında gecikmələr və adaptasiya dövrü yaşana bilər. Uzunmüddətli perspektivdə isə sistem turizmi daha təhlükəsiz, şəffaf və idarəolunan hala gətirəcək. Bu da ümumilikdə səyahət axınlarını daha stabil edəcək.
Ən əsası, yeni qaydalara əsasən, viza alındığı ölkədən ilk giriş tələbi qüvvədə olduğu üçün fərqli ölkələrdən edilən müraciətlər daha şəffaf və sistemli xarakter daşıyacaq. Bunun nəticəsində səfirliklər üzərində olan yük azalacaq, görüşlərin təyin olunması və ümumi viza prosesi daha nizamlı və şəffaf şəkildə həyata keçiriləcək. Bu isə ümumilikdə turizm sektorunun inkişafına mühüm töhfə verəcək.