Şri-Lankada 110 kiloqramdan çox narkotik daşıyan buddist rahiblər ələ keçdilər
Şri-Lankanın hüquq-mühafizə orqanları Kolombonun şimalında yerləşən Bandaranaike Beynəlxalq Hava Limanında 110 kiloqramdan çox narkotik vasitə daşıdıqlarına görə 22 buddist rahibi saxlayıb. Bu, aeroportun tarixində qeydə alınan ən böyük narkotik müsadirəsi hesab olunur.
Xia.az “Daily Mirror” qəzetinə istinadən xəbər verir ki, Narkotiklərlə Mübarizə Polis Bürosunun əməkdaşları Tailanddan gələn rahiblərin baqajında gizlədilmiş təxminən 112 kiloqram kannabis və həşiş aşkar edərək müsadirə ediblər.
Qeyri-qanuni yükün ümumi dəyərinin 1,1 milyard Şri-Lanka rupisindən (təxminən 3,45 milyon dollar) çox olduğu bildirilir.
İstintaqın məlumatına görə, əməliyyatı respublikanın Camburaliya rayonundakı məbədin üç rahibi koordinasiya edib. Qrupun digər 19 üzvü isə “Facebook” vasitəsilə cəlb olunub. İlkin məlumata əsasən, əksəriyyəti 30 yaşadək olan gənc rahiblər pulsuz aviabilet, yaşayış və qida vədləri ilə aldadılıb. Onlara məktəblilər üçün “tədris materialları və şirniyyatlar” daşıyacaqları bildirilib.
Narkotiklərlə Mübarizə Polis Bürosu Qampaha rayonunda ehtimal olunan təşkilatçını da saxlayıb. Bildirilir ki, qrup ötən ay 12 rahibin iştirakı ilə oxşar əməliyyat həyata keçirib.