Alyaskada Şimali Amerikanın ən qədim yaşayış məskəni

UwfbougzZ3v8POtnJetw6RRRYJFagei525BjXsqU_1200


ABŞ-nin Alyaska ştatında yerləşən, 13 800 il yaşı olan qədim “Shégˊ Xdaltthˊíˊ” arxeoloji düşərgəsində aparılan qazıntılar zamanı minlərlə artefakt aşkarlanıb. Tapıntılar arasında Amerikada ilk əhliləşdirilmiş itlərə aid ola biləcək sümüklər, qədim yaşayış tikilisinin izləri və Qərb yarımkürəsində indiyədək aşkar edilmiş ən qədim tikiş iynələri var.

Xia.az xəbər verir ki, tədqiqat “Science Advances” jurnalında dərc olunub.

Alimlərin fikrincə, bu arxeoloji abidənin yerləşdiyi ərazidə Şimali Amerikanın Asiyadan gəlmiş ilk sakinləri yaşayıblar.

“Shégˊ Xdaltthˊíˊ” Berinqiyanın şərq hissəsində yerləşir. Berinqiya sonuncu buzlaşma dövründə Asiyanın şimal-şərqini Şimali Amerikanın şimal-qərbi ilə birləşdirən coğrafi bölgə olub. Ən son tədqiqatlara görə, müasir Amerika yerli xalqlarının əcdadları qitəyə təxminən 21 min il əvvəl gəliblər.

Arxeoloji düşərgədə aparılan qazıntılar zamanı mütəxəssislər ocaq, kiçik çuxur və torpaqda taxta dirəkdən qalmış iz aşkar ediblər. Ehtimal olunur ki, bunlar ibtidai daxmanın qalıqlarıdır. Yaxınlıqda içərisində ağac kömürü və heyvan sümükləri olan torpaq soba da tapılıb.

Alimlər hesab edirlər ki, bu, Şimali Amerikada indiyədək məlum olan ən qədim yaşayış tikilisi ola bilər. Arxeoloqlar burada tapılan daş alətlərdən və əvvəllər müasir Şimali Sibir ərazisində də rast gəlinən sümük bəzək əşyalarından xüsusilə təəccübləniblər.

Tədqiqatçılar, həmçinin Qərb yarımkürəsində indiyədək aşkar edilmiş ən qədim səkkiz sümük tikiş iynəsini tapıblar. Bununla yanaşı, canavarlara bənzəyən heyvanların sümükləri də aşkarlanıb. Təhlillər göstərib ki, bu köpəkkimilərin sümükləri özünəməxsus heyvan populyasiyasına aiddir. Genetik baxımdan onlar Sibir canavarlarına yaxındırlar.

Müasir genetik məlumatlara görə, Şimali Amerikada ilk əhliləşdirilmiş itlər Sibir canavarlarından törəyiblər. Arxeoloji düşərgənin yaşı və coğrafi mövqeyi həmin ərazidə yaşayan insanların it saxlamış ola biləcəklərini ehtimal etməyə əsas verir. Bu tapıntılar Amerikada ilk əhliləşdirilmiş itlərin mövcudluğuna dair dolayı sübut ola bilər. Ehtimal olunur ki, həmin itlər qitəyə Asiyadan gələn insanlarla birlikdə gəliblər.