Avropaya vizasız səfər mümkün olacaq?
“Azərbaycan Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılmasını qarşılıqlı faydalı inkişaf kimi qiymətləndirir”.
Xia.az -ın məlumatına görə, bunu xarici işlər naziri (XİN) Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Litvanın 2027-ci ilin ilk yarısında Aİ Şurasına sədrliyi bu gündəliyin irəli aparılması üçün yaxşı fürsət ola bilər:
“Bugünkü müzakirələr zamanı viza məsələsinə də toxunulub və litvalı həmkarı bu prosesin dəstəkləndiyini ifadə edib. Bizim üçün bu, çox önəmli mesajdır, çünki bizim baxışımızla tam üst-üstə düşür. Bu məsələdə Avropa İttifaqına üzv ölkələrin mövqeyi önəmlidir. Xüsusilə nəzərə alsaq ki, 2027-ci ilin ilk yarısında Litva Respublikası Avropa İttifaqı Şurasına sədrliyi həyata keçirəcək, hesab edirik ki, bu, sözügedən gündəliyin irəli aparılması üçün yaxşı fürsət ola bilər”.
C.Bayramov vurğulayıb ki, Azərbaycan vətəndaşları müxtəlif məqsədlərlə, o cümlədən turizm, təhsil və bizneslə əlaqədar Avropa ölkələrinə səfər edirlər:
“Viza rejiminin liberallaşdırılması isə əlavə imkanlar yaradacaq və bu prosesləri sadələşdirəcək. Azərbaycan da viza ilə bağlı məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına hazırdır. Hazırda bir sıra Avropa ölkələrinin vətəndaşları Azərbaycana səfər etmək üçün elektron qaydada, “ASAN Viza” sistemi vasitəsilə çox sadə şəkildə viza əldə edə bilirlər. Lakin biz də həmin məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına hazırıq”.