Qazaxıstan Azərbaycan üzərindən Avropaya yaşıl enerji ixrac edəcək
Qazaxıstan Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan kabel vasitəsilə Azərbaycan üzərindən Avropaya yaşıl enerji ixrac etməyi planlaşdırır.
Xia.az –ın məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
“Mərkəzi Asiyadan, xüsusən də Qazaxıstandan Azərbaycan vasitəsilə Avropaya ekoloji təmiz elektrik enerjisinin ixracı məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin altı ilə dərin sualtı enerji kabeli çəkməyi nəzərdə tutur. Layihə üzərində aktiv işlər davam edir. Çox güman ki, bu, fiber-optik rabitə xəttindən sonra ikinci Transxəzər infrastruktur layihəmiz olacaq”, – deyə A.Bayel səfirliyin “Telegram” kanalında dərc olunan müsahibəsində qeyd edib.
Diplomatın sözlərinə görə, Qazaxıstan prezidenti ölkədə elektrik enerjisi profisitinin təmin edilməsi ilə bağlı tapşırıq verib.
“Həm süni intellekt və daxili sənayenin inkişafı, həm də ilk növbədə Avropa istiqamətində ixrac üçün kifayət qədər enerji ehtiyatımız olacaq”, – deyə səfir bildirib.
A.Bayel vurğulayıb ki, Azərbaycan və Qazaxıstan bütövlükdə xammal ixracından onun emalına keçid etməlidirlər.
“Neft-kimya sahəsində və daha yüksək əlavə dəyərə malik məhsulların müştərək istehsalında böyük imkanlar mövcuddur”, – deyə o əlavə edib.
Qazaxıstanın xarici podratçılar və investorlar üçün açıq olduğunu deyən səfir qeyd edib:
“Azərbaycan şirkətlərini də Qazaxıstanda görmək istəyirik. Tərkibinə elektrik stansiyalarının inşası da daxil olan bu milli layihəyə milyardlarla dollar vəsait yönəldiləcək. Ümumilikdə isə energetika sahəsində əməkdaşlıq perspektivlərimiz, sözsüz ki, çox genişdir”.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov Mərkəzi Asiya – Azərbaycan yaşıl enerji dəhlizinin 2032-ci ildə istifadəyə verilməsinin gözlənildiyini açıqlamışdı.
Azərbaycan, Özbəkistan və Qazaxıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair saziş 2024-cü il noyabrın 13-də Bakıda keçirilən COP29 çərçivəsində hər üç dövlətin başçısı tərəfindən imzalanıb. Mərkəzi Asiya – Azərbaycan enerji dəhlizinin yaradılması layihəsinin icrası məqsədilə hər üç ölkənin enerji sistemi operatorları – “Azərenerji” ASC, Qazaxıstanın Elektrik Şəbəkələrinin İdarəedilməsi Şirkəti (KEGOC) və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” SC tərəfindən “Green Corridor Alliance” adlı birgə müəssisə təsis olunub. Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan enerji kabeli Mərkəzi Asiyadan Xəzər və Qara dənizlər vasitəsilə Avropaya uzanacaq enerji körpüsünün ayrılmaz hissəsi olmalıdır.