Salyan Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayon rəsmiləri, mədəniyyət nümayəndələri, poeziyasevərlər və şairin doğmaları iştirak edib.
Gecədə çıxış edən natiqlər Əliağa Kürçaylının qısa, lakin mənalı ömür yolundan, onun ədəbiyyata verdiyi töhfələrdən bəhs ediblər. Bildirilib ki, şair 1946-cı ildə “Sənin gözlərin” adlı ilk şeiri ilə ədəbiyyata gəlib və şeirləri yaradıcılığı boyunca mərkəzi və respublika dövri mətbuatında müntəzəm olaraq çap olunub. Onun “Dünya ovcumdadır”, “Yollarda axtar məni”, “Bütövlük” və digər kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə Əliağa Kürçaylının dilimizi və poeziyamızı yaşadan görkəmli sənətkar olduğu xüsusi vurğulanıb.
Ədəbi-bədii gecədə mədəniyyət nümayəndələri və bədii qiraətçilər şairin şeirlərini səsləndirib, ədəbi kompozisiyalar təqdim ediblər. Həmçinin, onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub.



