NBA tarixində İLK: Təkrarolunmaz məhsuldar ötürmə
“Los-Anceles Leykers”in müdafiəçisi Bronni Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatı çərçivəsində “Qolden Steyt Uorriors”a qarşı keçirilən səfər matçında atası Lebron Ceymsə məhsuldar ötürmə edib.
Xia.az xəbər verir ki, bu, liqa tarixində oğulun atasına fərqlənməyə kömək etdiyi ilk hadisədir.
Matç ərzində 41 yaşlı Lebron 26 xal toplayıb, 8 ribaund edib və 11 məhsuldar ötürmə verib. 21 yaşlı Bronni isə aktivinə 10 xal, bir ribaund və üç məhsuldar ötürmə yazdırıb.
Xatırladaq ki, martın 28-də Lebron Bronniyə analoji ötürmə ilə yadda qalmışdı.
Qeyd edək ki, Lebron Ceyms dördqat NBA çempionudur (2012, 2013, 2016, 2020). O, dörd dəfə müntəzəm çempionatın və pley-off seriyasının ən dəyərli oyunçusu seçilib. İdmançı ABŞ yığmasının heyətində 2008, 2012 və 2024-cü illərdə Olimpiya Oyunlarının qalibi olub.