Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Burhanettin Duranla görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranla görüşüb.
Xia.az xəbər verir ki, bu barədə B.Duran “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Antalya Diplomatiya çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi, dəyərli qardaşım Hikmət Hacıyev ilə bir araya gəldik. Türkiyə ilə Azərbaycan arasındakı köklü qardaşlıq telləri ortaq tarix və güclü əməkdaşlıq anlayışı ilə hər sahədə güclənməyə davam edir”, – deyə o yazıb.
B.Duran görüş zamanı kommunikasiya, media və ictimai diplomatiya sahələrində atıla biləcək ortaq addımlara diqqət yetirildiyini vurğulayıb:
“Dezinformasiya ilə mübarizə, doğru məlumatın effektiv şəkildə paylaşılması və strateji kommunikasiya sahəsində koordinasiyanın artırılması məsələlərində həmrəy olduğumuzu təsdiqlədik. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın müəyyənləşdirdiyi baxış çərçivəsində dost və qardaş Azərbaycan ilə yaxın təmasda olaraq güclü əməkdaşlığımızı davam etdirəcəyik”.
Hikmət Hacıyev öz “X” sosial şəbəkə hesabında B.Duranın paylaşımını dərc edərək “Faydalı və səmərəli görüşümüz üçün təşəkkür edirəm Qardaşım!!!” deyə yazıb.