ABŞ İranla əlaqəli yüzmilyonlarla dollarlıq kriptovalyuta hesablarını dondurub
ABŞ 344 milyon dollar həcmində İranla əlaqəli kriptovalyuta cüzdanlarını dondurub və Tehranın maliyyə əməliyyatlarını məhdudlaşdırmaq üçün tədbirləri davam etdirəcəyini açıqlayıb.
Xia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi “İqtisadi qəzəb” kampaniyası çərçivəsində İranın vəsait toplamaq, köçürmək və ölkəyə qaytarmaq imkanlarını sistemli şəkildə məhdudlaşdırmağa davam edəcək.
Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranla əlaqəli çoxsaylı kriptovalyuta cüzdanlarına qarşı sanksiyalar tətbiq edib və nəticədə 344 milyon dollar dəyərində kriptovalyuta dondurulub.
“Biz Tehranın ölkədən çıxarmağa çalışdığı bütün vəsaitləri izləyəcək və rejimlə əlaqəli maliyyə kanallarını hədəfə alacağıq”, – deyə Bessent vurğulayıb.
Paralel olaraq ABŞ Maliyyə Nazirliyi İranın “kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən təxminən 40 gəmiçilik şirkəti və tankerə qarşı da sanksiyalar tətbiq edib. Bundan əlavə, Çinin Dalian şəhərində yerləşən “Hengli Petrochemical” şirkətinə də İran yanacağının “qanunsuz ticarəti” ilə əlaqədar məhdudiyyətlər qoyulub.