Şəkil çəkdirməyi sevənlər üçün yeni platforma istifadəyə verilir
“Instagram” şirkəti şəkil mübadiləsi üçün nəzərdə tutulan yeni “Instants” tətbiqinin sınaqlarına başlayıb.
Xia.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb. Bildirilib ki, hazırda İtaliya və İspaniyada istifadəçilər üçün əlçatan olan bu xidmət vasitəsilə 24 saat ərzində mövcud olan və yalnız bir dəfə baxıla bilən fotolar göndərmək mümkündür.
Proqram ani və sürətli paylaşımlara yönəlib: istifadəçilər qalereyadan şəkil yükləmək və ya redaktə etmək imkanı olmadan yalnız bir toxunuşla foto çəkirlər. Sadəcə mətn əlavə etməyə icazə verilir və bütün kadrlar yalnız daxili kamera vasitəsilə yaradılır. Şirkətdən bildirirlər ki, “Instants” redaktə edilmiş məzmunla dolu əsas “Instagram”dan fərqli olaraq, daha təbii və sərbəst ünsiyyət vasitəsi kimi düşünülüb.
Yeni xidmət yoxa çıxan məzmuna və orijinallığa üstünlük verən “BeReal”, “Locket” və “Snapchat” kimi platformalardan ilhamlanıb. Əvvəllər “Instants” birbaşa “Instagram” daxilində funksiya kimi test edilirdi, lakin indi “Android” və “iOS” sistemlərində müstəqil proqram kimi təqdim olunur.