“Söyüş söyənləri, təhqir edənləri çıxmaq şərtilə, əsl azarkeşlərimizdən üzr istəyirəm. Kənardan səhv başa düşüldüyüm üçün üzrlü hesab etsinlər”.

Xia.Az xəbər verir ki, bu sözləri “Teleqraf”a açıqlamasında “Turan Tovuz”un futbolçusu Veysəl Rzayev Azərbaycan Premyer Liqasının XXIX turunda səfərdə “Səbail”lə 0:0 hesablı heç-heçədən sonra azarkeşlərlə yaşadığı münaqişə barədə danışarkən deyib.

23 yaşlı müdafiəçisi davanın səbəbini belə izah edib: “Oraya yaxınlaşmağıma səbəb, sadəcə, azarkeşlərə təşəkkür etmək idi. Başqa bir fikrim yox idi. Lakin gördüm ki, ora çox səs-küylüdür. Dedim nə olub, nədir problem? Qayıdıb dedilər, problem sənsən, sizsiniz, oyun satırsınız. Üstəlik, təhqir etdilər. Ona görə emosiyalarımı idarə edə bilmədim. Özümdən çıxdım”.

Qeyd edək ki, “Turan Tovuz” hazırda 44 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alır.