“İran qərblə bərabər şərtlərlə danışıqlar aparmaq üçün nüvə silahı yaratmaq yolunda getməlidir”.

Xia.Az xəbər verir ki, bunu Məclis (təkpalatalı parlament) üzvü Məhəmməd Qasım Osmani açıq iclasda çıxış edərkən bildirib. Yayımı SNN telekanalı həyata keçirib.

“Hərbi münaqişədən qaçmaq ağıllı və məntiqlidir, amma dünyanın təkəbbürü bizə başqa yol qoymayıb. Əgər bizdə təhqir və həddindən artıq tələblərlə mübarizə aparmaq üçün başqa vasitə yoxdursa, yeganə yol nüvə silahı yaratmağa doğru hərəkət etməkdir”, – o vurğulayıb.

Osmaninin qeyd etdiyi kimi, nüvə silahı yaratmaqla bağlı bütün çətinliklərə baxmayaraq, Tehran bunun milli təhlükəsizlik də daxil olmaqla, bütün sahələrdə faydasını görəcək.

7 martda ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqlar aparmaq təklifi ilə mesaj göndərdiyini bildirib. Tehran Vaşinqtonla birbaşa dialoqdan imtina etsə də, vasitəçilərlə danışıqların davam etdirilməsinə razılıq verib.

30 martda ABŞ lideri nüvə proqramı ilə bağlı danışıqlar nəticə vermədikdə iki həftə ərzində İrana qarşı əlavə gömrük rüsumları tətbiq edəcəyini bildirib. O həmçinin sövdələşmədən imtina edildikdə İslam Respublikasını misli görünməmiş bombardmanlarla hədələyib. Cavab olaraq Xamenei ABŞ-nin hərbi müdaxilə etmə ehtimalına inanmadığını bildirsə də, xəbərdarlıq edib ki, Vaşinqtonun İranda qarışıqlıq törətmək cəhdi qəti cavabla qarşılanacaq.