Qaradağın sabiq icra başçısı Süleyman Mikayılovun korrupsiyada təqsirləndirilən müavini Nadir Muradovun həbs qətimkan tədbirinin müddəti uzadılıb.
xia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Hakim ağır cinayət işi üzrə hərtərəfli ibtidai istintaq hərəkətlərinin aparılmasının davam olunmasını əsaslı hesab edib.
Nadir Muradovun istintaqa təsir etmə, ünvan dəyişdirmə ehtimallarının qarşısını almaq məqsədilə daha üç ay həbsdə qalmasına qərar verilib.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 4 ay əvvəl Qaradağ İcra Hakimiyyətində əməliyyat keçirib. Qanun pozuntularına görə bir neçə vəzifəli şəxs həbs edilib. İcra başçısının 10 ilə yaxın müavini işləmiş N.Muradov və digər sabiq vəzifəlilər təkrarən külli miqdarda rüşvət almaqda ittiham olunurlar.
Bu hadisələrdən bir müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Onun da bu cinayətlərlə bağlı postundan uzaqlaşdırıldığı deyilir.