Göyçayda iki maşın toqquşub üçüncüsünə çırpıldı: Xəsarət alanların vəziyyəti AÇIQLANDI
Göyçay şəhərində baş verən zəncirvari avtomobil qəzasında xəsarət alan altı nəfər evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə altı nəfər (dörd kişi, iki qadın) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Yaralılara bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının əzilməsi, həmçinin əzilmiş və cırılmış yaralar diaqnozları qoyulub və onlara zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilib.
Göyçay şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Xia.az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, 31 yaşlı Mansur Babazadənin idarə etdiyi VAZ-2107 markalı, 10-OP-706 dövlət nömrə nişanlı avtomobillə 34 yaşlı Tural İbrahimovun idarə etdiyi VAZ-2105 markalı, 23-BB-244 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Toqquşan avtomobillər daha sonra yol kənarında dayanmış “Hyundai” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində T.İbrahimov və onun üç sərnişini xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.