Azərbaycanda yeni iş yerləri açılacaq
“Daxili ekosistemin gücləndirilməsi, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” fəaliyyət planı ölkəmizin daxili rəqəmsal mühitinin tamamilə yenidən qurulmasını, dövlət qurumları arasında məlumat mübadiləsinin vahid mərkəzdən idarəolunmasını və vətəndaşlara təqdim olunan xidmətlərin tam rəqəmsallaşdırılmasını nəzərdə tutur”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin nəticələrini şərh edərkən deyib.

O bildirib ki, bu arxitektura daxili resursların səmərəli idarəedilməsi, bürokratik maneələrin aradan qaldırılması və şəffaflığın artırılması üçün qurulmuş milli ekosistemdir:
“Sistemin mərkəzində dayanan data əsaslı idarəetmə gələcəkdə süni intellekt həllərinin dövlət idarəçiliyinə daha çevik inteqrasiya olunması üçün sağlam təməl yaradır. ABŞ və Çin ilə əməkdaşlığın rolu böyükdür. Daxili rəqəmsal arxitektura milli layihə olsa da, bu sistemin ən qabaqcıl texnologiyalarla təchiz edilməsində Birləşmiş Ştatlar və Çin ilə qurulan əməkdaşlıqlar mühüm rol oynayır.
Amerika Birləşmiş Ştatları ilə tərəfdaşlıq ölkəmizə proqram təminatı, bulud həlləri və süni intellekt standartlarının gətirilməsinə imkan yaradır. Eyni zamanda, Çin ilə əməkdaşlıq bu yeni arxitekturanın fiziki infrastrukturunun, xüsusilə yüksəksürətli internet və məlumat mərkəzlərinin qurulmasında texnoloji üstünlüklər qazandırır. Beləliklə, daxili ekosistemimiz qlobal texnoloji təcrübələrlə zənginləşərək daha dayanıqlı hala gəlir”.
Ekspert vurğulayıb ki, yeni iş yerləri və sosial-iqtisadi təsirlər baxımından milli rəqəmsal arxitekturanın inkişafı, həmçinin beynəlxalq əməkdaşlıqlar çərçivəsində həyata keçirilən konkret layihələr əmək bazarında köklü dəyişikliklərə səbəb olur:
“Bu proses, ilk növbədə, yerli kadrların yeni sistemlərə adaptasiyasını və rəqəmsal bacarıqlarının artırılmasını tələb edir ki, bu da onminlərlə insanın məşğulluq formatının yenilənməsi deməkdir. Məlumat analitikləri, sistem administratorları və süni intellekt üzrə mütəxəssislər üçün yaranan yeni iş yerləri Azərbaycanın gənc nəslinə rəqəmsal iqtisadiyyatın fəal iştirakçısı olmaq imkanı verir. Bu transformasiya təkcə İKT sektorunu deyil, bütün sosial-iqtisadi sahələri əhatə edərək cəmiyyətin rəqəmsal rifahını təmin edir”.
Məlik Məlikov