Azərbaycan klublarının aparıcı fan-qrupları Misli Premyer Liqasının 2022-ci ildə keçiriləcək son iki tur matçında iştirak etməyəcək.
Buna XVI turda keçirilmiş "Neftçi" - "Qarabağ" (1:4) matçından əvvəl Ağdam təmsilçisinin 3 azarkeşinin saxlanılması səbəb olub. “İmarət” azarkeş qrupunun sosial şəbəkə səhifəsinin yaydığı məlumatda deyilir:
"Qarabağ" - "Neftçi" matçından əvvəl oyunun keçirildiyi stadiona doğru yürüyüşlə gedən azarkeş qrupumuzun 3 nəfər üzvü pirotexniki vasitədən istifadə etdiyi əsas gətirilərək Nizami Rayon Polis İdarəsinə aparılmışdır. Bir nəfər üzvümüz polis tərəfindən 500 manat cərimə edilib, digər üzvümüz isə Nizami Rayon Məhkəməsi tərəfindən 8 sutka inzibati həbs cəzası alıb. Tək səbəb oyundan əvvəl azarkeşlərin pirotexniki vasitədən istifadə etməsidir".
Bu hadisədən sonra Premyer Liqa klublarının "Forza Neftçi", "Turan Ultras", "Dənizçilər", "Soldati Sabah", "Sektor 56" kimi aparıcı fan-qrupları bəyanat yayaraq, son iki tur oyunlarında iştirak etməyəcəklərini söyləyib:
"Azərbaycan Premyer Liqasının son turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyunundan əvvəl və oyun zamanı azarkeşlərə qarşı edilmiş haqsızlıqlara və onların həbs olunmasına etiraz edirik. Bu haqsızlığın növbəti oyunlarda bizə və digər azarkeş qruplarına qarşı edilməyəcəyinə heç kim zəmanət verə bilməz. Tribunada rəqib ola bilərik, amma hamımız Azərbaycan tribunasının inkişafına çalışırıq. Bu haqsızlığı bir az daha göz önünə çıxarmaq üçün Azərbaycanın bütün azarkeş qruplarının qarşıdan gələn 2 oyunda iştirak etməyəcəyini bəyan edirik!"
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev offsideplus-ın sorğusuna cavab olaraq bildirib ki, azarkeş qruplarının oyunlarda iştirak edib-etməməsi polisin səlahiyyətində deyil:
"Sözügedən matçda həmin şəxslərin əməllərinə görə, barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq olunub. Yol verilən nöqsan ictimai qayda pozuntusu olaraq qeydə alınıb. Həmin əmələ görə, barələrində məhkəmə qərarı ilə seçilmiş inzibati tənbeh tədbiri əmələ adekvatdır. Həmin şəxlər oyun keçirilən gün ictimai qaydanı, təhlükəsizliyi qadağan olunmuş əşyaların daşınması, xüsusilə də pirotexniki vasitələrdən istifadə ilə pozublar ki, bu da digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu üçün əmələ hüquqi qiymət verilib. Digər halda isə onlar intizama dəvət olunan polis əməkdaşları tərəfindən tabesizlik göstəriblər. Bu səbədən adekvat olaraq barələrində müvafiq tədbirlərin görülməsi təmin olunub. Hazırda onların oyunlarda iştirak edib-etməməsi polisin səlahiyyətində deyil".
Qeyd edək ki, Misli Premyer Liqasının XVII və XVIII tur oyunları müvaqif olaraq 13-14-15 və 23-24-25 dekabr tarixlərində oynanılacaq.
Azərbaycan klublarının azarkeş qruplarından polisin qərarına etiraz - DİN-dən AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.