Vaxtilə Yevlax rayon icra hakimiyyəti başçısının birinci müavini və digər məsul vəzifələrdə çalışmış dəyərli ziyalı Muradov Kamil Musa oğlu uzun sürən ağır xəstəlikdən sonra ötən gün 78 yaşında dünyasını dəyişib. Bu barədə “Dialoq.az” xəbər saytına mərhumun qardaşı Baş Prokurorluğun sabiq məsul işçisi Rəhim Muradov məlumat verib.
Muradov Kamil Musa oğlu 1947-ci ildə Yevlax rayon Qaraməmmədli kəndində anadan olmuş, 1953-cü ildə birinci sinfə getmiş və 1963-cü ildə onuncu sinfi bitirmişdir. Elə həmin ildə də indiki Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1967-ci ildə həmin universiteti bitirmişdir. Bir müddət Yevlaxda pedeqoji fəaliyyətlə məşğul olduqdan sonra şəhər komsomol komitəsində təlimatçı, komsomol komitəsinin katibi, şəhər partiya komitəsində təlimatçı, şöbə müdiri, şəhər partiya komitəsinin katibi, müstəqillik illəri dövründə isə Yevlax rayon Təhsil Şöbəsinin müdiri və daha sonra Yevlax şəhər icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmışdır.
Kamil Muradov peşə fəaliyyəti dövründə ictimai fəaliyyətlə məşğul olmuş, dəfələrlə rayon sovetinin deputatı olmuşdur.
Mərhum 1 mart 2025-ci il tarixdə Yevlax rayon Rüstəmli kənd qəbristanlığında yaxınlarının və kənd sakinlərinin iştirakı ilə dəfn olunub. Allah rəhmət eləsin.